"Niyə Tramp öz tərəfdarlarına xəyanət etməkdə davam edir?.."
Donald Tramp hələ prezidentliyə namizəd kimi çıxış etdiyi ilk gündən bəri Ukrayna müharibəsinə dair sərt və konkret bəyanatlar verib: "Prezident seçilsəm, münaqişəni 24 saat ərzində dayandıracağam!" deyirdi. O, ABŞ-ın Kiyevə hərbi yardımını kəskin tənqid edir, bu dəstəyi "Amerikanın pulunu boş yerə xərcləmək" adlandırırdı.
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
Ukrayna ilə bağlı ziddiyyətli dönüş
Məqalə müəllifi qeyd edir ki, son həftələrdə Tramp bu ritorikasını dəyişib: o, Ukraynaya yeni raket sistemləri göndərməyə razılıq verdiyini bəyan edib və hətta bəzi iddialara görə, prezident Zelenskidən Rusiya ərazisinə zərbələr endirməyi də istəyib. Bu sərt dönüş onun ən radikal tərəfdarlarını narahat edib. Respublikaçılar Partiyasının sağ cinahında yer alan Marjori Teylor Qrin və Stiv Bennon kimi şəxslər Trampı "nəhayət, Vaşinqton bataqlığına təslim olmaqda" ittiham edir. Onların fikrincə, Tramp ABŞ-ın hərbi sənaye kompleksinə və NATO yönümlü siyasətçilərə yenidən boyun əyib.
NATO və "dərin dövlət"lə əlaqəli dönüşlər
Trampın ilk prezidentliyi dövründə NATO-ya münasibəti çox sərt olub. O, Alyansın ləğvini belə gündəmə gətirib, Avropa ölkələrini "tənbəl və məsuliyyətsiz" adlandırıb. Ancaq bu gün Tramp yenidən NATO-nu dəstəklədiyini bildirir və hətta Slyans çərçivəsində Ukraynaya dolayısı dəstəyin gücləndirilməsini də istisna etmir. "Foreign Policy" yazır ki, Trampın bu cür dəyişiklikləri onun artıq "dərin dövlət"in təsiri altına düşdüyünü göstərir. Əgər 2016-cı ildə o, bu sistemi dağıtmaq iddiası ilə gəlmişdisə, indi elə həmin sistemin qismən himayəsində siyasət yürüdür. Hərbi dairələr, Pentaqon və xarici siyasət institutları ilə daha uyğun davranmağa çalışır.
İran, İsrail və neft infrastrukturu: regionu alova bürüyən qərarlar
Yaxın Şərqdə Trampın siyasəti daha da mübahisəlidir. O, İsrailə istisnasız dəstək verir və bu dəstəyin fonunda ABŞ-ın İrana qarşı aqressiv mövqeyini daha da sərtləşdirir. İddiaya görə, Tramp əvvəlcədən İrana qarşı hərbi zərbələr planlaşdırıb, hətta müəyyən infrastruktur obyektlərinə, o cümlədən neft emalı zavodları və enerji boru kəmərlərinə hücum göstərişi verib. Bu siyasət həm beynəlxalq hüququ pozur, həm də ABŞ-ın enerji bazarındakı maraqları ilə ziddiyyət təşkil edir. Neft infrastrukturlarına yönələn belə hücumlar regionu genişmiqyaslı müharibə riski ilə üz-üzə qoyur. Lakin Tramp üçün əsas hədəf sanki "güc nümayişi" və "sərt lider" obrazını qorumaqdır.
Komanda problemi və təcrübəsizlik
Trampın ətrafındakı komanda da tənqid hədəfinə çevrilib. Məsələn, o, müdafiə naziri vəzifəsinə "Fox News" kanalı ilə tanınan, ancaq real hərbi təcrübəsi olmayan Pit Heqseti, Dövlət katibi postuna isə Marko Rubionu gətirib. Nəşr bildirir ki, bu şəxslər nəinki siyasi baxımdan yetərsizdir, hətta Trampın özündən də təcrübəsizdirlər. Məqalədə bu yanaşma "qəzavü-qədərçilik" (yəni hadisələrin axarına buraxılması) adlandırılır. Belə siyasət rəhbəri isə daha çox emosiyalarla və impulsiv qərarlarla davranan bir fiqur təsiri bağışlayır. Trampın Putinə qarşı sərt çıxışları da sırf şəxsi eqoya bağlanır, yəni "mən zəif görünmək istəmirəm" prinsipi ilə.
Müəllifdən nəticə və xəbərdarlıq
Məqalə müəllifi sonda xəbərdarlıq edir: Trampın xarici siyasətindəki bu ziddiyyətlər, şəxsi ehtiras və strateji düşüncənin olmaması ABŞ üçün təhlükəlidir. O, Amerikanın qlobal rolunu zəiflətməklə yanaşı, ölkəni nəzarətsiz münaqişələrə sürükləyə bilər. Son cümlə isə sarkazmla doludur və ABŞ tarixində tez-tez iqtibas gətirilən bir fikrə istinad edir: "Tanrı bəzən axmaqlara, sərxoşlara və amerikalılara kömək edir. Bəlkə bu dəfə də edər".
Müəllif: Stiven Uolt, jurnalın analitiki, Harvard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru