AZ

ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır


Ermənistanın ABŞ-ı Zəngəzur dəhlizinə gətirmək istəyi İranda ciddi narahatlıq yaradıb. Qeyd edək ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir.

Belə ki, prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə buna toxunub. Dövlət başçısı qeyd edib ki, Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı məsələyə Ermənistan rəhbərliyi dəqiqlik gətirməlidir: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur”.

Ermənistan baş nazir səviyyəsində ABŞ şirkətinin Zəngəzura gətrilməsi ilə bağlı məsələni təsdiqləyib. Bütün bunlar İranda narahatlıq yaradıb. Burada söhbət təkcə regional əlaqələrin qurulmasından deyil, həm də İranın həssas şimal sərhədi boyunca geosiyasi nizamdan gedir. İran üçün Ermənistanın Zəngəzur vilayətindən keçən 43 kilometrlik dəhliz onun strateji hesablamalarının mərkəzində dayanır. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, bu plan İranı Ermənistan üzərindən Cənubi Qafqaza olan təbii quru əlaqəsindən məhrum edəcək və onu "zərbaycanın və ya digər beynəlxalq aktorların nəzarətində olan bir marşrutdan asılı vəziyyətə salacaq. Əzizi bu dəhlizi “tabuta vurulan son mismar” adlandırıb. Bəzi ekspertlər bunu İranın “geosiyasi boğulması” adlandırdıqları prosesə doğru atılan bir addım kimi dəyərləndirir. Həmidreza Əzizi iddia edir ki, Bakı nəzarəti ələ keçirsə və ya xarici idarəetmə tətbiq olunsa, İran şimala doğru ticarəti üzərində təsir imkanlarını itirəcək: “İran təkcə Cənubi Qafqazla deyil, həm də Rusiya və Avropa ilə ticarət üçün demək, olar ki, tamamilə Azərbaycanın ümidinə qalacaq”. O, bu vəziyyətin İranın geoiqtisadi mövqeyinə ciddi zərbə ola biləcəyi barədə xəbərdarlıq edib. Əzizi əlavə edib ki, İranın Ermənistan üzərindən keçən marşrutdan kənarda qalması, eyni zamanda, ölkənin Çinin “Bir kəmər, bir yol” təşəbbüsündəki rolunu azalda bilər və bu da Tehranın Pekin üçün tərəfdaş kimi dəyərini zəiflədə bilər. Tehranın əsas narahatlığı aydındır: dəhliz həm Türkiyənin təsirini genişləndirə, həm də indi ABŞ-nin birbaşa iştirakını təmin edə bilər. Əzizi vurğulayıb: “İranda ən böyük narahatlıq ondan ibarətdir ki, belə bir dəhliz İranın Şərq-Qərb nəqliyyat marşrutlarında iştirak perspektivlərini birdəfəlik ortadan qaldıra bilər”. Onun sözlərinə görə, ABŞ-ın idarə edə biləcəyi marşrut bu narahatlıqları daha da gücləndirir, çünki Amerika maraqlarını birbaşa İranın şimal sərhədinə gətirir.

Bu dəyişiklik Rusiya-Ukrayna müharibəsi və İkinci Qarabağ müharibəsindən sonra bölgədə güc balansının dəyişməsi fonunda Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəiflədiyi bir vaxtda baş verir. İddialar səslənir ki, vaxtilə Moskvaya arxalanmaqla kifayətlənən İran indi öz təhlükəsizlik bufer zonasının təhlükə altında olduğunu görür. Məhdud strateji seçimlərlə Tehran bütün əsas oyunçularla əlaqə qurur və Ermənistanla daha yaxın siyasi və təhlükəsizlik əməkdaşlığı axtarışındadır. Əzizinin sözlərinə görə, İranın rəsmi bəyanatları və 2021-ci ildən bəri həmin ərazidə keçirdiyi hərbi təlimlər qarşıdurmadan daha çox, sərhədlərində məhdudiyyətsiz xarici qüvvənin iştirakının qəbul edilməyəcəyinə işarədir. Azərbaycan Zəngəzur dəhlizinə Naxçıvanla mühüm nəqliyyat əlaqəsi və müharibədən sonrakı inteqrasiyanın bir hissəsi kimi baxır. Ermənistan isə bunun ölkənin suverenliyinə təhlükə yarada biləcəyindən ehtiyatlanır və istənilən marşrutun Ermənistanın nəzarəti altında qalmasını israr edir. Halbuki, Azərbaycan Ermənistanın yanlış mövqedə olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Bununla belə İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyanın sözlərinə görə, Azərbaycan heç bir üçüncü tərəfin iştirakını arzulamadığını qətiyyətlə bəyan edir: “Bakı üçün dəhliz Naxçıvana maneəsiz çıxış deməkdir və istənilən xarici nəzarət - Amerika, Avropa və ya Rusiya - qəbuledilməzdir. Vaşinqton üçün bu layihə Moskvanın Bakı və İrəvanla münasibətlərinin kəskinləşməsi fonunda Rusiyanın təsirinin zəiflədiyi bir vaxtda regionda nadir güc boşluğundan faydalanmaq cəhdini vurğulayır” Qiraqosyan ABŞ planına şübhə ilə yanaşdığını bildirib: “Mən bu təklifi çox da ciddi qəbul etmirəm, skeptisizm həm Bakıda, həm də İrəvanda yanaşmanı daha yaxşı müəyyən edir”. O, bunu “ehtiyatsız daşınmaz əmlak sövdələşməsi” adlandırıb və Vaşinqtonun regionun mürəkkəbliyini dərk edib-etmədiyini sual edib: “Söhbət daha çox prezident Donald Tramp üçün Nobel Sülh Mükafatını qazanmaqdan gedir... Əsl hazırlıq olmadan onun reallaşma potensialı çox azdır”. Rusiyanın Ermənistanın dəmir yol şəbəkələrini idarə etməsi və Qərbin sanksiyaları da layihənin reallaşmasında texniki-iqtisadi problemlər yaradır: “Bu, işi çətinləşdirərdi, çünki Rusiyanın idarə etdiyi və ya Rusiyaya məxsus olan yol və dəmiryolu ABŞ-ın özəl şirkətinin idarə etməsi mürəkkəb vəziyyət yaradar”. Qiraqosyan deyib ki, Tehran üçün dəhliz müzakirəsi mühasirə, təcrid və təsir imkanlarının itirilməsi ilə bağlı daha dərin narahatlıqları əks etdirir. Amma İranın hər hansı layihəyə qarşı çıxmaq üçün imkanları məhduddur, bunu Yaxın Şərqdəki son uğursuzluqlar və ötən ay İsraillə baş vermiş münaqişə məhdudlaşdırır. Tehran Qərbin bölgədə mövcudluğuna qarşı Rusiyanın yenidən müqavimət göstərəcəyini ümid edir, lakin dəyişən güc balansı İranın təsir imkanlarını getdikcə azaldır.

Samirə SƏFƏROVA

Seçilən
61
baki-xeber.com

1Mənbələr