AZ

Gürcüstan Patriarxlığı Avropa Komissiyasının son tövsiyələri ilə bağlı bəyanat yayıb

Tbilisi, 21 iyul, AZƏRTAC

Gürcüstan Patriarxlığı Avropa Komissiyasının Gürcüstana verdiyi son tövsiyələrlə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Avropaya inteqrasiya prosesində Gürcüstanın xristian və ənənəvi ailə dəyərlərinin təhlükə altına düşdüyü vurğulanıb.

Patriarxlığın fikrincə, Avropa Komissiyasının Gürcüstana LGBT təbliğatına qarşı qəbul edilən qanunvericiliyin ləğvini tövsiyə etməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.

“Bu yanaşma həm Gürcüstan Pravoslav Kilsəsinin mövqeyi, həm də Avropa İttifaqı ölkələrinin nümayəndələri ilə keçirilmiş görüşlərdə verilmiş vədlərlə ziddiyyət təşkil edir. İndiyədək Gürcüstanın Avropaya inteqrasiyası prosesində qeyri-ənənəvi həyat tərzinin təbliğinə dair heç bir məcburiyyət olmayacağı bildirilib”, - deyə bəyanatda deyilir.

Patriarxlıq xatırladır ki, Gürcüstanın katolikos-patriarxı II İlia ilə keçirilən rəsmi görüşlərdə xalqın iradəsinin xristian dəyərlərinin və ənənəvi ailə modelinin qorunması olduğu dəfələrlə vurğulanıb. Həmçinin bildirilib ki, bu istiqamətdə qəbul edilmiş qanunlar ictimaiyyət və kilsə tərəfindən dəstəklənib.

Bəyanatda qeyd olunur ki, Avropa Komissiyasının yeni tövsiyələri ölkə daxilində Avropa dəyərləri ilə bağlı məyusluq yaradır. Sənəddə deyilir: “Bir tərəfdən ailə ənənələrinin qorunması və yeniyetmələrin LGBT təbliğatından müdafiəsi istənilir, digər tərəfdən isə bu qanunların ləğvi Avropa ilə inteqrasiyanın şərti kimi irəli sürülür. Bu isə əhalinin böyük hissəsində çaşqınlıq və narazılıq doğurur”.

Patriarxlığın bəyanatında həmçinin deyilir ki, Gürcüstanın Avropaya inteqrasiyası yalnız xalqın dəyərlərinə hörmət əsasında davam etdirilməlidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

phrase_var_article.chosen
7
14
azertag.az

10phrase_var_article.sources