İran iyulun 25-də İstanbulda Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa “üçlüyü” ilə “nüvə sazişi” üzrə danışıqların yeni raundunun keçirilməsinə razılaşıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqayi məlumat verib.
“Avropa ölkələrinin sorğusuna cavab olaraq, İran JCPOA-nın (Birgə Kompleks Fəaliyyət Planı) üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib”, - o qeyd edib.
O bildirib ki, planlaşdırılan görüşün xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, Tehranı danışıqlarda siyasi məsələlər üzrə müavin Məcid Təxt-Rəvançi və hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi təmsil edəcək.