"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen üçün qarşıdakı həftə həlledici olacaq.
90deqiqe.Az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, 32 yaşlı qolkiper belindəki problemlə bağlı əməliyyat olunub-olunmamaq barədə yekun qərar verəcək. Məhz bu ağrılar səbəbindən almaniyalı oyunçu yay öncəsi məşqlərdə iştirak edə bilməyib.
Qeyd olunur ki, təcrübəli qapıçı Asiya turunda iştirak etməyəcək və Yaponiyaya, eləcə də Cənubi Koreyaya planlaşdırılan səfəri buraxacaq. Əgər ter Ştegen əməliyyat olunmaq qərarına gəlsə, azı dörd ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə “Barselona”ya digər qapıçı – Joan Qarsiyanı qeydiyyatdan keçirmək üçün əlavə imkan yarada bilər.
Bundan öncə İspaniya mətbuatında yayılan məlumatlara əsasən, baş məşqçi Hans-Diter Flik ter Ştegeni əsas qapıçı kimi görmür və mövsümə başqa seçimlə başlamağı planlaşdırır.