"ABŞ-ın təzyiqləri fonunda Çin Moskvanı faktiki olaraq özünə tabe edib..."
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı siyasətindən dərin narazılığını ifadə etsə də, əsl təsir rıçaqları Trampın deyil, Çin lideri Si Tszinpinin əlindədir.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Nəşr yazır ki, Çin bu müharibənin dayanmasında maraqlı deyil, çünki onun davamı Pekinin strateji maraqlarına xidmət edir.
Trampın ultimatumundan sonra: rəmzi təzyiq və boş ümidlər
Bu həftənin əvvəlində Tramp Moskvaya ultimatum verib - atəşkəs elan etmək üçün 50 gün vaxt müəyyən edib. Əks halda ABŞ Rusiya məhsullarına 100 faiz rüsum tətbiq edəcək. Lakin bu xəbər Moskva birjasında əks reaksiya doğurub - investorlar bu sanksiyaların daha çox rəmzi xarakter daşıyacağını düşünərək sakitləşib. Onsuz da Rusiya ABŞ-a ümumi ixracının cəmi 0,65 faizini göndərir, yəni birbaşa iqtisadi zərbə zəif ola bilər.
Əsas təhdid isə dolaylı sanksiyalar, yəni Rusiya neftini alan ölkələrə qarşı tədbirlərdir. 2024-cü ildə Rusiyanın neftdən gəliri 192 milyard dollar olub. Bu istiqamətdə təzyiq real təsir doğura bilərdi. Amma analitiklər bunun daha çox blef olduğunu düşünür. Çünki Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan siyasətlərini dəyişmək niyyətində görünmürlər.
Dəstək, amma həm də asılılıq
Si Tszinpin Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə "qarşılıqlı dəstəyin gücləndirilməsini" vacib saydığını bildirib. Çin ABŞ-ın tariflərini "qanunsuz sanksiyalar" kimi pisləyib və Moskva ilə yaxınlığını gizlətmir. Çin həmçinin Rusiyaya ikiqat təyinatlı texnologiyalar, müdafiə texnologiyaları və hətta muzdlu döyüşçülər vasitəsilə hərbi dəstək göstərir. Kəşfiyyat məlumatlarına görə, Çin istehsalı olan sursatlar Şimali Koreya üzərindən Rusiyaya çatdırılır.
"The Times" qeyd edir ki, Çin bu dostluq maskası altında Rusiyanı faktiki olaraq öz orbitinə salıb. Mərkəzi Asiyada, Afrikada və hətta Kubada Çin təsiri güclənir, Rusiya isə köhnə təsir dairələrindən sıxışdırılır. Rusiya artıq istehlak mallarından tutmuş maliyyə sistemlərinə qədər Çinə bağlanıb - ölkə Çin ödəniş sistemlərinə keçid edir.
"Strateji tərəfdaşlıq" içində soyuqluq
Kənardan sıx bir ittifaq təsiri bağışlasa da, Rusiya və Çin arasındakı münasibətlər ideal deyil. Tərəflər bir-birini casusluqda izləyir, aralarındakı gərginlik vaxtaşırı informasiya sızmaları və diplomatik jestlər vasitəsilə üzə çıxır. Tramp Putinə təzyiq göstərməyə çalışsa da, real oyunun hakimi Si Tszinpindir. Ukraynada davam edən müharibə Qərbin diqqətini yayındırır, Moskvanın isə Pekindən asılılığını daha da artırır, bu isə Çin lideri üçün böyük strateji üstünlük deməkdir.
Trampın 50 günlük ultimatumuna Kremlin reaksiyası gözlənilən kimi olub - faktiki olaraq heç bir reaksiya verilməyib. Rusiya rəsmiləri köhnə qarşıdurma ritorikasını davam etdirir, ordu isə Ukraynanın müxtəlif şəhərlərinə növbəti genişmiqyaslı dron və raket hücumları həyata keçirir. Belə görünür ki, Ukrayna savaşında vəziyyəti dəyişdirəcək tək oyunçu Vaşinqton və Brüssel deyil, məhz Pekindir. Amma Çin bu savaşı dayandırmaq istəmir, çünki bundan qazanan tərəf yalnız odur.