"Ukrayna özünü qorumağa, Rusiya isə qorxutmaqla məhv etməyə çalışır..."
İyulun 20-nə keçən gecə gecəsi Rusiya-Ukrayna müharibəsi yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. Gecənin qaranlığında Zaporojye şəhəri və ətraf rayonlar Rusiya ordusunun raket və pilotsuz aparatlarının hədəfinə çevrilib. Eyni vaxtda isə Ukrayna dronları Moskva və Rusiya ətraf bölgələrinə zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "liga.net" və "rbc.ua" nəşrləri məlumat yayıb.

Məlumatda deyilir ki, hər iki hücum zamanı yanğınlar, dağıntılar və xəsarətlər qeydə alınıb. Lakin bir əsas fərq diqqət çəkir: Rusiya mütəmadi olaraq mülki infrastruktura zərbələr endirərkən, Ukrayna tərəfi yalnız hərbi və strateji obyektləri hədəfə aldığını bildirir.
Zaporojye vilayətinə 457 zərbə endirilib

Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun açıqlamasına görə, Rusiya tərəfindən bir gecə ərzində vilayətin 18 yaşayış məntəqəsinə 457 zərbə endirilib. Hücumlar həm reaktiv yaylım atəşi sistemlərindən, həm də "Shahed" tipli kamikadze dronlardan həyata keçirilib.
Nəticədə 64, 69 və 73 yaşlarında 3 qadın yaralanıb. Onların evləri dağılıb, pəncərələr sındırılıb, yanğınlar baş verib. Çoxmərtəbəli binalar və nəqliyyat vasitələri də zərər görüb. Rusiya tərəfi bu hücumları "hərbi hədəflərə zərbə" kimi təqdim etsə də, real mənzərə tam fərqlidir: sırf mülki ərazilər, yaşayış evləri və dinc əhali zərbələrin mərkəzindədir.

Son həftələrdə bu cür hallar artıb. İyulun əvvəlində Zaporojyedəki Sosial Müdafiə və Hərbi Komissarlıq binasına da zərbə endirilib, 11 hərbçi yaralanıb. Bundan əvvəl sənaye müəssisəsinə yönələn hücum yanğınla nəticələnib.
Moskva və ətrafı: dronlar qorxu törədib

Ukrayna isə eyni gecə pilotsuz zərbə aparatları vasitəsilə Moskva və ətraf bölgələrdəki Rusiya infrastrukturunu hədəfə alıb. Rusiya Müdafiə Nazirliyi 16 dronun vurulduğunu açıqlayıb, lakin onların qalıqları yaşayış evlərinə və avtomobillərə ziyan vurub. Zelenoqradda avtomobillər alovlanıb, Moskva vilayətində Domodedovo, Solneçnoqorsk və Sergiyev Posadda fərdi evlərdə şüşələr sınıb, fasadlar zədələnib.

Bu hadisələr zamanı Rusiya rəsmiləri xəsarət alan olmadığını bildirsələr də, əhalidə aydın şəkildə təşviş hiss olunub. Təhlükəsizlik səbəbilə Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. 20-dən artıq təyyarə ehtiyat hava limanlarına yönləndirilib.

Hədəflər və prinsip fərqi
Ukrayna tərəfi hər dəfə bəyan edir ki, hücumlar yalnız Rusiya ordusunun anbarları, texnika bazaları, komanda məntəqələri və hərbi-sənaye infrastrukturu üzərinə yönəldilir. Qəsdən mülki obyektlərin vurulması Ukrayna Silahlı Qüvvələrinin hərbi doktrinasına ziddir. Bu fərq artıq beynəlxalq müşahidəçilər tərəfindən də təsdiqlənməkdədir.
Rusiya isə həm cəbhə bölgəsində, həm də şəhər mərkəzlərində yaşayış binalarını, xəstəxanaları və məktəbləri də hədəf alaraq genişmiqyaslı dağıntılar törədir. Belə bir taktika müharibənin yalnız cəbhə ilə məhdudlaşmadığını, əhalinin birbaşa hədəfə çevrildiyini göstərir.
Sonda nə baş verir?
Həm Zaporojyeni, həm Moskvanı, həm də digər şəhərləri narahat edən bu yeni mərhələdə artıq heç kim gecəni tam rahat yata bilmir. Gecə səması, hansı tərəfdə olmasından asılı olmayaraq, indi qorxu və təhdidlə örtülüb.
Ukrayna və Rusiya arasında davam edən bu dron döyüşləri həm texnologiyanın, həm də etik yanaşmaların savaş meydanında necə birləşdiyini açıq şəkildə göstərir: biri özünü qorumağa, digəri isə qorxutmaqla məhv etməyə çalışır.