Xocalı rayonunun Xanyurdu kəndində 40 fərdi ev əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub.
Xezerxeber.az-ın məlumatına görə, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Xanyurdu sakinlərinin sözlərinə görə, bu gün öz dədə-baba yurdlarında sərbəst, rahat gəzə bilirlər.
Kənddə sakinlərin yaşayışı üçün hər cür şərait yardaılıb. Təbii qaz xətti çəkilib, içməli su şəbəkəsi təmir edilib. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb.
Xocalı rayonunun Təzəbinə kəndi də bu il öz doğma sakinlərinə qovuşub.
Hazırda kənddə böyük quruculuq işləri davam edir. 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi evin hazır olması planlaşdırılır. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir.
Xocalıda fəaliyyət göstərən kərpic zavodunun illik istehsal gücü də açıqlanıb. Mediatur zamanı jurnalistlərə bildirilib ki, kərpic zavodunun illik istehsal gücü 16,2 milyon ədəddir. Zavodda 60 nəfər daimi işlə təmin edilib. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Daşbulaq kəndində inşa olunan kərpic zavodunun layihə dəyəri 8,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən "Xocalı" gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.