AZ

İranda Pezeşkiana qarşı hərəkətə KEÇDİLƏR

Məlum olduğu kimi, bu həftə İran Prezidenti Məsud Pezeşkian yolda qalıb. 

O, avtomobilinə su ilə qarışıq benzin vurulduğu üçün yola davam edə bilməyib. Üstəlik, Prezident kortejindəki 3 avtomobildə də eyni vaxtda problem yaranması diqqət çəkib. Nəticədə, İran Prezidenti taksi ilə Təbrizə getmək məcburiyyətində qalıb. 

Sosial şəbəkələrdə bu olay Prezidentə qarşı edilmiş nalayiq hərəkət kimi səciyyələndirilib. Bir çoxları bunu Pezeşkiana qarşı təxribat kimi də qiymətləndirib.

Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu, sıradan və təsadüfi bir hadisə də ola bilər: 

"Lakin İranda bəzi dairələrdə Məsud Pezeşkiana münasibətin mənfi olması faktdır. İsraillə İran arasında 12 günlük müharibə zamanı panfarsistlər Məsud Pezeşkiandan çox narazı idilər. Onlara qəribə gəlirdi ki, İsrail hərbi hava gücləri nöqtə atışı edir, SEPAH generallarını öldürür, İranın hərbi bazalarını havaya uçurur, lakin Prezident Məsud Pezeşkian hədəfə gəlmir. 

Paniarinistlər hesab edirdilər ki, Pezeşkianın Azərbaycanla münasibətləri yaxşı olduğundan İsrail ona toxunmur. Fars şovinistləri, onların Bakıdakı nümayəndələri bildirirdilər ki, necə olur İran rəhbəri Əli Xameneyi girdiyi bunkerdən çıxa bilmir, ancaq Prezident normal fəaliyyətinə davam edir? 

Hətta panfarsist dairələr onun barəsində nalayiq ifadələr işlədir, Məsud Pezeşkianı “İranın Qərbə satılmış Qorbaçovu” adlandırırdılar. Mənim fikrimcə, panfarsistlərin sözlərində həqiqət payı da var". 

Ekspert hesab edir ki, Məsud Pezeşkian onların dediyi kimi, xain deyil, sistemə bağlı adamdır: 

"Lakin mən əminəm ki, Məsud Pezeşkian İranın hazırkı yapısını dəyişmək istəyir. Onun xəyalındakı İranda teokratiya və ya vilayəti-fəqih yoxdur. Onun arzu etdiyi İranda gənclər hicabsız, azad gəzir, elm öyrənir, dini mərkəzlərə yox, universitetlərə axışırlar. Çünki Pezeşkian özü elm adamıdır, həkimdir. Prezident olmazdan öncə də parlamentdəki çıxışlarında daim ictimai maraqları müdafiə edib, gəncləri dəstəkləyib. Buna görə də İranın mühafizəkar kəsimi doktor Məsud Pezeşkianı sevmir". 

Elman Cəfərli qeyd edib ki, onu paniranist, manqurtlaşmış azərbaycanlılar da sevmir, lakin ən çox nifrət edən fars şovinistləridir: 

"SEPAH kanalları açıq-aşkar yazır ki, doktor Məsud Pezeşkianın missiyası İranın milli birliyini dağıtmaqdır. Halbuki onun elə bir niyyəti yoxdur. O, sadəcə İran konstitusiyasına əməl olunmasına çağırır. Ölkənin konstitusiyasında qeyri-fars millətlərinə ana dilində təhsil hüququ təsbit edilib. Lakin 40 ildir molla rejimi bu hüquq vermək istəmir. 

Pezeşkian seçki kampaniyası dövründə ana dilində-türk dilində danışdı, prezident postunda da ara-sıra türk dilində danışır, şeirlər söyləyir".

Jurnalistin sözlərinə görə, Pezeşkianın bu çıxışları şovinist çevrələri narahat edir: 

"Görünür, onu qəsdən bu duruma salıblar ki, hədəfdə olduğunu bilsin. İran proqnozlaşdırılmayan bir ölkədir. İranda asanlıqla elmi ezamiyyətə gəlmiş xarici qonağı və ya sənətçini tutub həbsə salır, səfirliklərə terror edirlər. Diplomatlara qarşı hücum, terror İranın tarixi ənənəsidir. 

“Xətti tapdalayan naziri, prezidenti belə cəzalandıra bilərlər. Lakin bütün bunlar Məsud Pezeşkianın nüfuzunu azaltmır, əksinə, artırır. Çünki onu xalq seçib və Güney Azərbaycan onun arxasındadır. Onun bir illik hakimiyyəti dövründə apardığı işlər isə xeyli təsir buraxıb. Artıq bir zamanlar hər kəsin qorxa-qorxa danışdığı türk dili yayğınlaşıb. Bir azdan bu prosesin qarşısını almaq mümkün olmayacaq". 

Seçilən
81
cebheinfo.az

1Mənbələr