AZ

"Zaman maşını" üzə çıxarıldı - Keçmişin sirri açılır

Elm adamları Antarktikadan əldə etdikləri dünyanın ən qədim buz nümunəsini əritməyə hazırlaşırlar. Təxminən 1,5 milyon il yaşı olan bu buz nüvəsinin içində qalmış hava qabarcıqları və maddələr, Yer kürəsinin minilliklər əvvəlki iqlim dəyişikliyi barədə mühüm məlumatlar verə bilər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buz nümunəsi dörd il davam edən qazıntılar nəticəsində İtaliyanın Qütb Elmləri İnstitutunun rəhbərliyi altında Avropanın 10 ölkəsindən ibarət komanda tərəfindən çıxarılıb.

Araşdırmanın rəhbəri Venesiyada yerləşən “Ca’Foscari” universitetindən professor Karlo Barbante “BBC”-yə müsahibəsində bunun böyük uğur olduğunu bildirib:

“Əlimizdə tutduğumuz bu buz parçası bənzərsiz bir uğurdur. Buzun içində 1 milyon il əvvəl insanların nəfəs aldığı hava ilə dolu qabarcıqlar görə bilərik. Hətta bəzi qatlarda qədim vulkan püskürmələrindən qalmış kül təbəqələri də var”.

Bu layihənin milyonlarla dollar dəyərində olduğu və planetin iqlim tarixi ilə bağlı cavabsız qalan suallara aydınlıq gətirəcəyi gözlənilir. Buzun tədqiqi nəticəsində qlobal iqlim dəyişikliyi, vulkan aktivliyi və atmosfer tərkibindəki dəyişikliklər haqqında təxminlərdən daha dəqiq məlumatların əldə olunacağı ehtimal edilir.

Seçilən
44
publika.az

1Mənbələr