Azərbaycan boks tarixində həvəskarlar arasında yeganə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov 38 yaşlı Aleksandr Usiki 27 yaşlı britaniyalı Deniel Dubua ilə qarşılaşmada favorit hesab edir. Döyüş iyulun 19-dan 20-ə keçən gecə Londonda baş tutacaq.
Bu barədə tanınmış azərbaycanlı boksçu özü İdman.biz-ə danışıb.
Məcidov deyir ki, Usik rəqibindən 11 yaş böyük olsa da, bu cür döyüşlərdə təcrübə həlledici rol oynayır və o, favoritdir: "Mənim proqnozum: Usikin qələbə ehtimalı 70 faiz, Dubuanın qələbəsi isə 30 faiz".
O, həmçinin britaniyalı boksçunun daha titullu rəqibinə necə qalib gələ biləcəyini də izah edib: “Əgər Dubua dözümlülük problemini həll edə bilsə, şansı olacaq. Bundan başqa, o, mütləq döyüşməlidir. Sadəcə boks etməklə yox, döyüşməklə qalib gələ bilər. Çünki boksda Usiklə bu gün heç kim texniki baxımdan ayaqlaşa bilmir – ayaqları sürətli, texnikası yüksəkdir. Ona təzyiq göstərmək, irəliləmək, itələmək və bəzən qaydaları pozmaq lazımdır. Əgər Dubua bu taktikaya üstünlük versə, şansı olacaq".
Üçqat dünya çempionu əlavə edib ki, yaşına baxmayaraq, Usik 12 raundu yüksək səviyyədə döyüşmə gücünə sahibdir.
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov 2013-cü ilin martında Dünya Boks Seriyası çərçivəsində Aleksandr Usiklə qarşılaşmış və həmin döyüşdə ukraynalı boksçu qalib gəlmişdi: “Mənim o vaxt gücüm çatmadı ki, ona bütün döyüş boyu təzyiq göstərim. Əslində həmin döyüşə çıxmamalıydım, məndən xahiş etdilər. İki aylıq fasilədən sonra, cəmi 10 gün məşq edib rinqə çıxdım. Sadəcə gücüm çatmadı".
Teymur Tuşiyev
İdman.biz