BAKI, 19 iyul. TELEQRAF
Mərkəzi Afrika Respublikasında "Vaqner" rus muzdlularının nəzarətində olan ərazidə baş verən atışma nəticəsində azı 11 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yerli sakinlər bildiriblər ki, qurbanlar çərşənbə günü axşam paytaxt Banguidən 450 km şərqdə yerləşən Ndasimadakı qızıl mədənində öldürülüb. Yaxınlıqdakı kəndlərin sakinlərinə "Vaqner" qrupunun nəzarətində olan şaxtaya giriş qadağan edilib.
Şahidlərin dediyinə görə, zərərçəkənlər mədəndə qızıl axtarırmışlar, onlara xəbərdarlıq edilmədən atəş açılıb.
Adının açıqlanmasını istəməyən şahidlər qurbanların ətraf kəndlərdən olan gənclər olduğu və əksəriyyətinin güllələndiyini təsdiqləyib.
Mərkəzi Afrika hökuməti hadisə ilə bağlı heç bir şərh verməyib.
Digər şahid isə kənd sakinlərinin bəzilərinin hələ də itkin düşdüyünü deyib. “İşsiz gənclərin gecə vaxtı bu yerə getməkdən başqa çarəsi yoxdur.
Qeyd edək ki, "Vaqner" qruplaşması tez-tez insan haqlarının pozulmasında və qətllərdə ittiham olunur. Amma qruplaşma Mərkəzi Afrika Respublikasında faktiki olaraq heç bir məsuliyyət daşımır və guya üsyançı qruplara qarşı mübarizə aparırlar.