Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq edilsin.
2. Digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılmış və tamamlanmamış layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdirilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu fəslinin və 45-1-ci maddəsinin adlarında, 45-1.1-ci, 45-1.4-cü maddələrində, 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 57.5-1-ci və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57-1.1.1–57-1.1.3-cü maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 57-1.3-cü, 97.5-ci, 100.8-ci, 110.3-cü, 114.5-ci maddələrində, 117.3-cü maddəsinin birinci cümləsində, 122.1-1-ci, 122.2-ci, 123.1-ci maddələrində, 124.1-ci maddəsinin ikinci cümləsində, 124.4-cü maddəsinin birinci–üçüncü cümlələrində, 125.1-ci (ikinci halda), 125.6-cı (birinci halda), 127-4.3-cü, 150.17-ci və 339.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 100.8-ci, 114.5-ci və 150.17-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 9-cu fəslinin və 45-1-ci maddəsinin adlarında, 45-1.1-ci və 45-1.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 57.5-1-ci və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57-1.1.1-ci, 57-1.1.2-ci maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 117.3-cü maddəsinin birinci cümləsində, 125.1-ci, 127-4.3-cü maddələrində “orqanın (qurumun) informasiya sistemi” və 124.1-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 57-1.1.3-cü və 57-1.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Məcəllənin 97.5-ci, 110.3-cü, 122.2-ci, 123.1-ci, 125.6-cı maddələrində, 127-1.1-ci maddəsinin ikinci cümləsində, 127-1.5-ci və 339.5-ci maddələrində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;
1.7. həmin Məcəllənin 122.1-1-ci maddəsində və 124.4-cü maddəsinin birinci–üçüncü cümlələrində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;
1.8. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.9. həmin Qanunun 2.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur.
2. “İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi” (bundan sonra – “İCMAL”) informasiya sistemi yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. “İCMAL” informasiya sistemi haqqında əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.17-ci maddəsinə uyğun olaraq, inzibati cərimələrin qaytarılması qaydasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. “İCMAL” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;
4.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İCMAL” informasiya sisteminin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “İCMAL” informasiya sisteminin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.