Suriyanın Prezident Aparatı Süveyda bölgəsində yerli qruplar arasında şiddətlənən və çox sayda insanın həlak olduğu toqquşmaların qarşısını almaq məqsədilə bölgəyə xüsusi qüvvə göndəriləcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Aparatının yaydığı bəyanatda ölkənin cənubunda baş verən və hələ də davam edən qanlı hadisələrin “dərin narahatlıq və böyük kədərlə” izlənildiyi bildirilib. S
üveydadakı hadisələrin, silahı təzyiq vasitəsi kimi istifadə edən və faktiki vəziyyəti zorla qəbul etdirməyə çalışan qeyri-qanuni silahlı qrupların yayılması nəticəsində meydana gəldiyi vurğulanıb. “Bu vəziyyət uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mülki şəxslərin həyatını birbaşa təhlükə altına atmışdır”, – deyə qeyd olunub.
Mülki şəxslərə qarşı edilən hücumlar pislənib və rədd edilib. Bu hücumlar “cəmiyyətin mahiyyətinə saplanan bir xəncər və ölkənin birliyinə birbaşa təhdid” kimi dəyərləndirilib. Bəyanatda Süveydada yerli qruplar arasında şiddətlənən və çox sayda insanın həyatını itirməsinə səbəb olan qarşıdurmaları dayandırmaq üçün bölgəyə xüsusi qüvvənin göndəriləcəyi vurğulanıb.
Suriya Respublikasının bu hadisələrə münasibətinin intiqam yönümlü olmadığına diqqət çəkilən bəyanatda, bu cür hərəkətlərə qarşı cəmiyyətin sülhü çərçivəsində, qanunlar və ədalət prinsipləri daxilində cavab veriləcəyi qeyd olunub. Bütün tərəflərə təmkinli davranmaq çağırışı edilən açıqlamada “Suriya Respublikası bir daha sübut edir ki, o, bütün komponentləri ilə vətəndaşlarının dövlətidir.
Bu dövlət yalnız müəyyən bir məzhəbə və ya qrupa məxsus deyil. Milli məsuliyyət, hər kəsin bir dam altında – vətənin və qanunun damı altında - birləşməsini tələb edir”, – deyə bildirilib. Vətəndaşların təhlükəsizliyi və cəmiyyətin rifahı üçün böyük səylərin göstərildiyi, qarşıdurmaların dayandırılması və pozuntuların nəzarət altına alınması üçün ciddi təşəbbüslərin irəli sürüldüyü vurğulanıb.
Bölgəyə göndəriləcək hərbi qüvvənin sabitliyin təmin olunması və ən qısa müddətdə sülh və əmin-amanlığın bərpası üçün həyata keçirilən siyasi və təhlükəsizlik addımları ilə əlaqəli şəkildə koordinasiya ediləcəyi açıqlanıb. Bəyanatda bütün vətəndaşlara gərginliyi artırmaqdan çəkinmək və cəmiyyətin birliyini qorumaq üçün birlikdə çalışmağa davam etmək çağırışı edilib.