ABŞ Prezidenti Donald Tramp qərarları ilə dünyanı heyrətləndirməkdə davam edir. Bu dəfə Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlaması dünyada şok effekti yaradıb. Mexiko və Brüsselə göndərdiyi iki mesajda Ağ Evin rəhbəri bildirib ki, avqustun 1-dən etibarən Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün bu ölkələrdən gələn mallara 30% rüsum tətbiq edəcəklər. Ardınca da danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib. Oxşar mesajı Mexikoda da alıblar. Əksəriyyət proqnoz edir ki, bu qərarın həm Avropa İttifaqının, həm də ABŞ-nin iqtisadiyyatı üçün çox böyük mənfi nəticələri olacaq. Bundan əvvəl Tramp Aİ-ni 50%-lik rüsum tətbiq etməklə hədələmişdi. Bununla belə, hətta 30%-lik tarif Aİ iqtisadiyyatı üçün çox böyük nəticələrə səbəb ola bilər.
İşgüzar aləm narahatdır
ABŞ işgüzar aləmi prezidentin məlum qərarlarından narahatdır. Onu qorxudan odur ki, iqtisadi daralma ölkəni tənəzzülə uğrada və qlobal iqtisadi artımı yavaşlada bilər. Düzdür, Tramp azalmanın sələfi Co Baydenin dövründən başladığını bildirir, lakin ekspertlər bunun idxalda görünməmiş artımla əlaqədar olduğunu söyləyirlər. Mövcud durum ondan ibarətdir ki, Trampın tətbiq etdiyi tariflər, onlara cavab olaraq ABŞ-yə qarşı atılan addımlar dünya iqtisadiyyatında böyük xaos yaradıb. ABŞ-nin analitik mərkəzləri, tanınmış alim və iqtisadçılar verilən qərarların ölkənin özünə daha çox mənfi təsir edəcəyinə dair xəbərdarlıqlarla çıxış edirlər.

Aİ-nin yeni tərəfdaşı Çin olacaq?
Trampın məktubuna Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin cavabı belə olub ki, Aİ ixracına 30% tarif tətbiq etmək Atlantik okeanın hər iki tərəfindəki biznes və istehlakçıların zərərinə olacaq, əsas transatlantik təchizat zəncirlərini sarsıdacaq. Onun sözlərinə görə, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımlar atılacaq, müvafiq cavab tədbirləri görüləcək. Əlavə edib ki, Aİ yeni ticarət tərəfdaşları da axtaracaq. Yeni ticarət tərəfdaşı dedikdə, çox güman ki, Çin nəzərdə tutulur. Bu da o deməkdir ki, Avropa Çinlə onsuz da genişlənən əməkdaşlığı daha da artıracaq. “Bild”in məlumatına görə, Almaniya Kansleri Fridrix Merts ABŞ ilə tarif danışıqlarının uğursuz olacağı barədə xəbərdarlıq edib.

Meksika Prezidenti Klaudiya Şeinbaum razılıq əldə olunacağına əminliyini ifadə edib: “Biz ABŞ hökuməti ilə hansı sahələrdə işləyə biləcəyimizi çox yaxşı bilirik. Bir məsələ var ki, o, heç vaxt danışıqlar mövzusu ola bilməz: bu da ölkəmizin suverenliyidir”.
Qeyd edək ki, Tramp Aİ və Meksika ilə yanaşı, Kanada, Yaponiya və Braziliya da daxil olmaqla, 23 digər ticarət tərəfdaşına da oxşar məzmunlu məktublar göndərib. Bu məktublarda 20%-dən 50%-ə qədər dəyişən ümumi tariflər, eləcə də mis idxalına qarşı 50% rüsum tətbiqi nəzərdə tutulub.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-nin Aİ-yə 30 faizlik gömrük rüsumunu qəti şəkildə bəyənmir. İtaliya isə ümid edir ki, ABŞ ilə ədalətli tarif razılaşması əldə olunacaq.