ABŞ-ın Virciniya ştatında aparılan tədqiqat ürək dərmanları qəbul edən pasiyentlər üçün vacib bir təhlükəyə diqqət çəkib.
Ulusal.az-ın xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, qandakı natriumun az miqdarda enməsi belə, ürəyin elektrik siqnallarının ötürülməsində ciddi problemlər yarada bilər.
Tədqiqat “Heart Rhythm” jurnalında dərc olunub və araşdırma qrupu sübut edib ki, xüsusilə flekaimid kimi natrium kanallarını bloklayan dərmanlardan istifadə edən şəxslər bu risklə daha çox üz-üzədir. Alimlər təcrübələrini ürək quruluşu insana bənzəyən dəniz donuzları üzərində aparıblar. Müşahidələr göstərib ki, natrium səviyyəsi azaldıqda ürək keçiriciliyində problemlər yaranır, bu da aritmiya riskini artırır.
Natrium çatışmazlığı qusma, ishal, sidikqovucu dərmanlar, bəzi preparatlar və yaşla bağlı fizioloji dəyişikliklər səbəbilə baş verə bilər. Xüsusilə xəstəxanada müalicə alan və yaşlı pasiyentlər bu baxımdan daha həssas sayılır.
Tədqiqatın əsas müəllifi, Virciniya Texnologiya Universitetinin Fralin Tədqiqat İnstitutunun alimi Stiven Poelzin deyib: “Uzun müddətdir bilinir ki, natrium kanallarını bloklayan preparatlar ürək keçiriciliyini zəiflədir. Lakin biz ilk dəfə göstərdik ki, natriumun azlığı ilə bu dərmanların birləşməsi təhlükəni qat-qat artırır.”
Alimlər bildirir ki, natrium kanallarının qismən bağlandığı vəziyyətdə ürək siqnalları alternativ yollarla ötürülməyə çalışır. Bu zaman hüceyrələrarası əlaqələr və kalium ionlarının axını kimi mexanizmlər işə düşür. Ancaq natrium çatışmazlığı bu yolların effektivliyini də zəiflədir və nəticədə siqnal ötürülməsi ləngiyir.
Araşdırma ürək ritmini tənzimləyən dərmanlar qəbul edən xəstələrin natrium səviyyələrinin diqqətlə izlənilməsinin vacibliyini bir daha önə çəkir.Musavat.com