Hörmətli redaksiya! Hamıya məlumdur ki, kəndlinin dolanışığı torpaqdan çıxır. Dövlət tərəfindən kənd camaatına pay torpaqları veriləndə mənə də 2 hektar torpaq ayrıldı.
Mən də burada əkin-biçin işləri aparıb ailəmi dolandırırdım. Onu da qeyd edim ki, bu işləri ərsəyə gətirməkdə dövlət bizə hər il subsidiya ayırırdı. Biz bu pulla əkin işlərinə lazım olan dərmanları, gübrələri, yanacağı alıb işimizi görürdük.
2022-ci ildən dövlət tərəfindən bizə ayrılan subsidiya dayandırılıb və işlərimizdə fasilələr yaranıb. Lazımi yerlərə müraciətlər etsək də, bu məsələdə bizə kömək edən tapılmır. Elə gəlib ölçüb-biçirlər, son sözləri də bu olur ki, bu pay torpaqlarına çıxarış lazımdır, yaxın vaxtlarda onu sizə təqdim edəcəyik ki, subsidiya ala biləsiniz. Bu "yaxın vaxt" isə illərdir ki, uzanır. Hara müraciət ediriksə, dərdimizə əlac edən tapılmır.
Hörmətli redaksiya, xahiş edirik bu məsələni işıqlandıraraq bizə kömək edəsiniz.
Ramazan ŞİRİNOV,
Şəki rayon Aydınbulaq kəndinin sakini