Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma bu
region üçün nəqliyyat, təhlükəsizlik məsələləri
və ixrac bazarlarına çıxışın böyük əhəmiyyət kəsb etdiyi bir vaxtda ölkəmizə
maraq böyükdür. Belə ki, Azərbaycan Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır, öz ərazisində dəmir
yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri
icra edib. Türkmənistan Xalq Məsləhətinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovun
ölkəmizə səfəri zamanı ölkəmizin Mərkəzi Asiya üçün əhəmiyyəti bir daha gündəmə
gəldi. Səfər zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən nəqliyyat
sahəsində əməkdaşlığa da xüsusi diqqət çəkildi. Bildirildi ki, iki ölkənin
tranzit nəqliyyat layihələri region üçün mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əmtəə
dövriyyəsinin ildən-ilə artması, bu sahədə əməkdaşlığın uğurla inkişafı ticarət-iqtisadi
sahədə də əlaqələrin səmərəliliyindən xəbər verir. Bu xüsusda tərəflər ölkələrimizin
bu sahədə potensialının tam şəkildə reallaşdırılması üçün geniş imkanların
olduğunu qeyd ediblər.
Bu xüsusda “Azərbaycan-Türkmənistan münasibətlərində
yeni mərhələ başayır” söyləmək olar. Səfər zamanı bir daha bəyan olundu ki, rəsmi
Aşqabad Bakı ilə münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişafında
maraqlıdır.
Ölkələrimiz arasında vaxtı ilə müəyyən
soyuqluq olsa da son illər müsbət dinamika müşahidə olunmaqdadır. Tərəflər ikitərəfli
əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməklə əldə
olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə müvəffəq olub. Siyasi,
iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində
bir çox nailiyyətlər əldə olunub.
Azərbaycan Türkmənistanla həm də Xəzər hövzəsində
əməkdaşlıq edir. Ölkəmiz hər zaman Xəzər
dənizində əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib.
Əvvəllər tərəflər arasında mövcud olan gərginlik də artıq həllini tapıb. Belə
ki, 2021-ci il iki ölkə Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen
resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma
Memorandumu imzalayıb. Beləliklə, Bakı ilə Aşqabad ilk dəfə Xəzər dənizindəki
yatağın mənimsənilməsi üzrə birgə işə başladı.
Ümumiyyətlə,
Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən
beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq bu
regionda sabitliyə və təhlükəsizliyə əlavə töhfə verir.
Q.Berdiməhəmmədovun işğaldan azad olunmuş ərazilərə
səfəri də Azərbaycan-Türkmənistan münasibətlərinin xarakterinin göstəricilərindən
biridir. Digər tük dövlətlərinin bərpa prosesində iştirakından sonra yaxın gələcəkdə
rəsmi Aşqabadın da bu prosesə qoşulacağını gözləmək olar.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı