AZ

“Sülh göyərçini”nin içindəki leşyeyən

Rusiyanın son üç ildə sürətlə faşistləşməsi hazırda özünün ən kulminasiya nöqtəsinə çatmaqdadır. Və bu məqamda rus faşizminin əsas hədəfi də məhz Azərbaycandır.

Ukraynaya hücum müasir rus faşizminin (raşizm) birinci mərhələsinin elanı idi. Daha sonra qırğız, tacik, özbək əsilli miqrantlara qarşı basqınlar və Qazaxıstanın suverenliyinə qarşı təhdidlər rus faşizminin ikinci mərhələsinin təzahürləri oldu.

2025-ci il iyunun 27-də “FSB” və “OMON” adlı rəsmi faşist strukturlarının Yekaterinburqda azərbaycanlılara qarşı vəhşi əməliyyatı ilə başlayan anti-Azərbaycan kampaniyası isə Raşizmin 3-cü mərhələsini təşkil edir.

Və fikir verirsinizsə, bu mərhələnin arealı, əhatə dairəsi gün-gündən genişlənməkdədir.

Belə ki, Rusiyanın siyasi elitasında, o cümlədən Dövlət Dumasında azərbaycanlılara qarşı repressiyaları qızışdırmağa yönələn bəyanatların, çağırışların səsləndirilməsi də bu fikrimizi təsdiqləyir.

Həmin çağırışlardan birinin müəllifi də Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironovdur.

Bu deputat sosial şəbəkə hesabında açıq şəkildə etiraf edib ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb.

Mironov həmçinin bildirib ki, onun müraciətinin əsas mövzusu – bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsusdur) yoxlanılması da daxildir.

Sergey Mironov onu da deyib ki, aparılacaq yoxlamaların nəticələrini gözləyir.

Bu həmin Mironov idi ki, vaxtilə Azərbaycan haqqında, İlham Əliyevin barəsində dəbdəbəli təriflər səsləndirir, Rusiya-Azərbaycan dostluğunun sarsılmazlığından dəm vururdu. Onun sosial şəbəkə izləyiciləri arasında çoxlu azərbaycanlılar da vardı. O, azərbaycanlılara qarşı isti münasibət bəslədiyini bildirirdi.

Lakin Yekaterinburq hadisələrindən sonra Putinin bir əmri ilə üzü dönən əksər Rusiya məmurları və siyasətçiləri kimi Sergey Mironov da bir göz qırpımında Azərbaycanın qatı əleyhdarlarından birinə çevrildi.

Görünən budur ki, rusiyalı siyasətçilərin sevgiləri ilə nifrətləri arasında böyük məsafə yox, çox incə bir xətt var. Onların simpatiyaları bir göz qırpımında nifrətlə əvəzlənə bilir. Belə adamlar və bu cür siyasət yürüdən dövlətlər çox təhlükəli olurlar.

“Ədalətli Rusiya”nın ədalətsiz lideri də bu cür kəskin kontrastın, sərt təzadın tipik nümayəndəsidir.

P.S. Rusiyanın ədalətsizliyini “Ədalətli Rusiya” adıyla heç cürə örtmək mümkün deyil. Mironovun yaxasındakı Georgi lenti onun gerçək kimliyini göstərir...

Seçilən
8
vaxt.az

1Mənbələr