Ağızdan gələn xoşagəlməz qoxu həmişə diş və diş əti xəstəlikləri ilə bağlı olmur.
Far.Az xəbər verir ki, bunu Britaniya Estetik Stomatologiya Akademiyasının prezidenti Səm Cetva Daily Mail nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, problemin səbəbi tez-tez qidalanma xüsusiyyətləri və həzm orqanlarının xəstəlikləri olur.
Stomatoloq izah edib ki, ağız qoxusu əsasən ağız boşluğunda bakteriyaların artması nəticəsində yaranır. Buna isə ağız quruluğu şərait yaradır – xüsusilə də insan gigiyena qaydalarına əməl etmirsə, qida qalıqlarını vaxtında təmizləmirsə.
Həkimin sözlərinə görə, bəzi qidalar bakteriyaların aktivliyini artırır:
"Süd və zülal tərkibli məhsullar amin turşuları ifraz edir. Bu isə dilin üzərindəki mikroblar üçün qidalandırıcı mühit yaradır. Turş yeməklər – məsələn, sitrus meyvələri və ya pomidor – bu bakteriyaların çoxalmasına səbəb ola bilər," – deyə o bildirib.
Dr. Cetva əlavə edib ki, ağızdan gələn pis qoxu qastroezofageal reflüks adlı xəstəliklə bağlı ola bilər – bu zaman mədə möhtəviyyatı qida borusuna geri qayıdır. Əgər nəfəs çürük yumurta və ya kükürdlü qaz kimi qoxursa, bu, mədə-bağırsaq sistemində pozuntu olduğuna işarə ola bilər.
Stomatoloq tövsiyə edir ki:
Dişlər və dil mütəmadi təmizlənməlidir
Diş ipindən gündə 1-2 dəfə istifadə edilməlidir
Diş fırçası hər 3 aydan bir dəyişdirilməlidir
Əgər bütün bu gigiyenik qaydalara baxmayaraq, ağız qoxusu davam edirsə, mütləq terapevtə müraciət etmək lazımdır.