AZ

Kənan Quluzadə: neftin ucuzlaşması həm fürsət yaradır, həm də risk

“ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaqla bağlı son açıqlaması dünya enerji bazarında ciddi əks-səda doğurub. Tramp bildirib ki, neftin hazırkı qiymət səviyyəsi qənaətbəxşdir və bu, hətta potensial müharibələrin qarşısını almağa da kömək edə bilər. Bu yanaşma ABŞ-ın şist neftinin hasilatını artırması və OPEC ölkələrinə qarşı təzyiqləri gücləndirməsi ilə müşayiət olunur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında iqtisadçı Kənan Quluzadə deyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp dünya bazarlarında neftin qiymətinin aşağı salınmasına çalışdıqlarını açıqlayıb. Ağ Ev rəhbəri bildirib ki, neftin hazırkı qiymət səviyyəsi qənaətbəxşdir və bu, hətta müharibələrin qarşısının alınmasına da töhfə verə bilər. Trampın bu bəyanatı neftdən asılı iqtisadiyyata malik ölkələr, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

İqtisadçı qeyd edib ki, Azərbaycan kimi neftdən asılı iqtisadiyyata malik ölkələr üçün bu tendensiya həm imkanlar, həm də risklər yaradır.

“Neftin ucuzlaşması, bir tərəfdən, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin azalması, sosial proqramların maliyyələşdirilməsində çətinliklər və manatın məzənnəsinə təzyiq riski yaradır. Digər tərəfdən, enerji daşıyıcılarının ucuzlaşması sənaye və nəqliyyat sektorunda xərclərin azalmasına səbəb ola bilər. Lakin bu müsbət təsirlərin ümumi mənzərə fonunda məhdud qalacağı istisna deyil. Daha vacib məqam ondan ibarətdir ki, qlobal enerji bazarında rəqabət sürətlə güclənir və ABŞ nefti artıq Avropa bazarlarında Azərbaycan üçün potensial rəqibə çevrilməkdədir. Belə şəraitdə ölkənin iqtisadi dayanıqlığını təmin etmək üçün neftdənkənar sahələrin inkişafı, iqtisadi diversifikasiya və maliyyə sabitliyi prioritet istiqamətlərə çevrilməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

phrase_var_article.chosen
65
aznews.az

1phrase_var_article.sources