AZ

"Avropa sanksiyalarla Kremlin iqtisadi dayanıqlılığını zədələməyi hədəfləyir" - AÇIQLAMA 

"Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketini “indiyə qədərki ən sərt paket” kimi təqdim etməsi Qərbin Moskva ilə münasibətlərdə dönməz bir xətt tutduğunu göstərir. Bu addım həm Ukrayna savaşına cavab, həm də Rusiya iqtisadiyyatının strateji sahələrinə yönəlmiş daha sistemli təzyiq vasitəsidir. Sanksiyaların əsas hədəfi Rusiya hərbi-sənaye kompleksinin texnoloji imkanlarını məhdudlaşdırmaq və döyüş meydanındakı resurs axınını ləngitməkdir". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Avropa İttifaqının Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini elan etməsi ilə bağlı danışarkən bildirdi.

"Yeni paketdə ilk dəfə olaraq Aİ ərazisindən üçüncü ölkələrə “ikili təyinatlı məhsulların” tranzitinə də ciddi məhdudiyyətlər tətbiq edir ki, bu da dolaylı şəkildə Rusiyaya yardım edən ölkələrə xəbərdarlıqdır. Brüssel bu vasitə ilə sanksiya rejimini daha effektiv hala gətirmək istəyir. Qərbin bu yanaşması Moskvanın müttəfiqləri ilə texnoloji və maliyyə alış-verişini daraltmaq məqsədi güdür.

Sanksiyalar həmçinin Rusiyanın gəlir mənbəyi olan enerji, metal və yüksək texnologiyalar sahəsini daha da sıxışdırmaq üçün genişləndirilib. Avropa bu siyasətlə Kremlin iqtisadi dayanıqlılığını zədələməyi və daxili təzyiqləri artırmağı hədəfləyir. Lakin sanksiyaların real təsiri qısa müddətdə deyil, orta və uzun müddətdə özünü göstərə bilər", - deyə siyasi şərhçi qeyd etdi.

Müsahibimiz dedi ki, Rusiya bu cür addımlara paralel şəkildə yeni maliyyə və ticarət marşrutları yaratmaqla cavab verməyə çalışır.

"Aİ-nin bu addımı həm də siyasi mesajdır: Brüssel öz dəyərlərinə sadiq qalmaqla Moskvanın təcavüzkar davranışını susqunluqla cavablandıra bilməz. Lakin sanksiyalar əgər diplomatik kanallarla müşayiət olunmazsa, nəticədə geosiyasi bloklaşmanı daha da dərinləşdirə bilər.

Avropa bu strategiyanı həm də daxili birliyini qorumaq üçün istifadə edir, çünki vahid sanksiya paketi siyasi həmrəylik rəmzidir. Bu paket eyni zamanda, Çin və digər neytral aktorlar üçün də Qərbin sərtliyini göstərən siqnaldır. Aİ iqtisadi təzyiqlərlə siyasi dönüş yaratmağın hələ də mümkün olduğuna inanır, lakin bunun uğuru zamanla ölçüləcək", - deyə Tural İsmayılov qeyd etdi.

Xədicə BAXIŞLI

Seçilən
98
29
redaktor.az

10Mənbələr