Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) jurnalistlər üçün təlim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşü giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov media təmsilçilərini təbrik edərək Azərbaycan mediasının inkişafından bəhs edib.
“Ölkəmizdə mətbuatın inkişafına, söz və ifadə azadlığına xüsusi diqqət göstərilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq media ilə sağlam münasibətlərin qurulmasında maraqlıyıq və inanırıq ki, bu əməkdaşlıq daimi olacaq”, – deyə Rəşad Bayramov vurğulayıb.
Agentliyin İdarə heyəti sədrinin müavini Ceyhun Hüseynzadə əlamətdar günlə əlaqədar media nümayəndələrini təbrik edərək onlara uğurlar arzulayıb.
Ceyhun Hüseynzadə bildirib ki, İKTA tənzimləyici funksiyanın uğurla icrasında hər zaman medianın dəstəyini hiss edir. Bu səbəbdən də jurnalistlərin maarifləndirilməsi Agentlik üçün önəm daşıyır. Bugünkü təlim də məhz jurnalistlərin internet telekommunikasiya xidmətləri sahəsində biliklərinin artırılmasına imkan yaradır.
Təlim zamanı İKTA əməkdaşları jurnalistlərə ölkəmizdə internet telekommunikasiya xidmətləri sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat veriblər. Onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.




