Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gədəbəy şəhərində vətəndaşları qəbul edib.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 18-də Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Gədəbəy şəhərindəki abidəsini ziyarət edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Gədəbəy və Şəmkir rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.





