AZ

Kolleclərin bağlanması əvəzinə onların inteqrasiyası daha məqsədəuyğundur

"Azərbaycanda kolleclər bir çox hallarda universitetlərə daxil ola bilməyən abituriyentlər üçün alternativ yol kimi qəbul olunur ki, bu da danılmaz faktdır. Sözsüz ki, bu da onların nüfuzunu və cəlbediciliyini azaldır".

Bu sözləri AzEdu.az-a açıqlamasında f.ü.f.d., dosent Şəmil Sadiq qeyd edib: "Bunun haqlı və haqsız səbəbləri var: Cəmiyyətin ali təhsilə üstünlük verməsi diplomu və statusu ali təhsil müəyyən edir. Buna bir növ diplom sindiromu adını da verə bilərik. Kollec məzunlarının işlə təminatında zəif nəticələr müşahidə olunur. Bu da ondan irəli gəlir ki, kolleclər əmək bazarının tələblərinə cavab verə bilmir. Bir çox kolleclər köhnəlmiş proqramlarla və zəif maddi-texniki baza ilə fəaliyyət göstərir. Etiraf edək ki, təhsil siyasətimizdə peşə məktəbləri və kolleclər universitet və məktəblərə nisbətdə xeyli diqqətdən kənarda qalıb. Elə buna görə də koleclərin ictimai imici zəifdir və  “ikinci dərəcəli” təhsil kimi təqdim edilir.Bütün bunlar da onu göstərir ki, bu şəraitdə kolleclər öz missiyasını tam şəkildə yerinə yetirə bilmir və faktiki olaraq bir növ keçid mərhələsi və ya “ehtiyat variantı” kimi qəbul olunur.Biz gələcəkdə kolleclərin bir neçə mümkün taleyini müzakirə edə və ya təklif edə bilərik.

Hazırkı nüfuz problemi və əmək bazarı ilə uyğunlaşmaması onların bir qisminin mərhələli şəkildə bağlanmasına səbəb ola bilər ki, bunun yaxın zamanda mümkün olmasını qəbul etmirəm. Çünki bu kəskin sosial və regional təsirlər yarada bilər. Nəzərə alaq ki, rayonlarımızda kolleclər həm də məşğulluq və sosial rol oynayır. Düşünün ki,rayonlarımızda, bölgələrimizdə universitetlər çox azdır, bəzilərində isə kolleclər var. Ən azından rayonun elm, təhsil mühitinə az da olsa təsir edir, xeyli insan burada çalışır. Ona görə də bağlanılması ciddi xəta olar.

Finlandiya, Almaniya, Türkiyə kimi ölkələrdə kolleclər professional və texniki təhsillə inteqrasiya olunaraq “dual təhsil” modelinə keçiblər. Biz də bu modellər əsasında öz modelimizi formalaşdıra bilərik. Bunun üçün də ilk növbədə kolleclər peşə liseylərinə çevrilə və işəgötürənlərlə sıx əməkdaşlıq çərçivəsində işləyə bilər. Yəni bölgəmizin iqtisadi istiqamətinə görə kadr hazırlığı edə bilərik.

Məsələn təsərrüfat ağırlıqlı bölgəmizdə təsərrüfat, istehsalat ağırlıqlı bölgəmizdə istehsalat və ya sənaye istiqamələrində inkişaf etdirə bilərik. Bunun üçün də ilk növbədə rayonlarımızda ixtisaslşam getməli, sənaye bölgələri yaradılmalıdır. Çünki hazırda bütün yük Bakının üzərinə düşüb, rayonlarımız bir növ iqtisadi inkişafdan geri qalır.  Kolleclər ali təhsilə deyil, əmək bazarına çıxış məqsədli təhsil verən ixtisaslaşmış müəssisələrə çevrilməlidir.

Əgər bu təhsilin işlək, praktik, qısa müddətli və əmək bazarı yönümlü olduğu ictimaiyyətə düzgün çatdırılsa, imic yüksələ bilər ki, bu da kolleclərimizin inkişafına və yaşamasına səbəb olar.Almaniya Dual təhsil sistemi kolleclə işəgötürən birgə təhsil verir. 

ABŞ Community College həm akademik, həm də peşə hazırlığı, eyni zamanda yerli icmalara uyğun çevik proqramlar universitetlə inteqrasiya imkanları verir.Düşünürəm ki, kolleclərin bağlanması əvəzinə onların inteqrasiyası daha məqsədəuyğundur.İş bazarı ilə sıx əlaqəli, tətbiqi yönümlü ixtisaslar üzrə ixtisaslaşmış kolleclər yaradılmalıdır.Tələbələr üçün təqaüd, təcrübə və məşğulluq zəmanəti olan tədris modelləri tətbiq edilməlidir. Elm və Təhsil Nazirliyi bu sahəyə daha geniş strateji baxışla yanaşıb, ictimaiyyətlə düzgün kommunikasiya aparmalıdır".

 

Seçilən
4
azedu.az

1Mənbələr