AZ

Baş katib: Kipr problemi üzrə danışıqlarda irəliləyiş var

BAKI, 18 iyul. TELEQRAF

BMT-nin baş katibi Antonio Quterreş Kipr probleminin həlli üzrə danışıqlarda irəliləyişin olduğunu deyib.

Teleqraf-ın məlumatına görə, baş katib bildirib ki, icmalar arasında müsbət nəticələr əldə olunub.

"Bugünkü müzakirələr yenidən konstruktiv olub. Martda razılaşdırılmış 6 etimad yaradılması təşəbbüsündən dördü həyata keçirilib. Bunlara gənclər məsələləri üzrə texniki komissiyanın yaradılması, ekologiya və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslər, məzarlıqların bərpası, mədənlərin bağlanması ilə bağlı razılaşma daxildir. Qalan iki təşəbbüslə - dörd nəzarət-buraxılış məntəqəsinin açılması və bufer zonada günəş enerjisindən istifadə ilə bağlı müzakirələr davam etdiriləcək", - deyə Quterreş əlavə edib.

O, vətəndaş cəmiyyətinin iştirakı, mədəni mübadilə, havanın keyfiyyətinin monitorinqi və mikroplastiklərlə mübarizə üzrə məsləhət orqanının yaradılması ilə bağlı əldə olunan razılaşmaları da açıqlayıb.

Quterreş Kipr liderlərinin növbəti görüşünün yüksək səviyyəli sessiya çərçivəsində baş tutacağını və cari formatda yeni qeyri-rəsmi görüşün də ilin sonuna qədər gözlənildiyini vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin Nyu-Yorkdakı baş qərargahında bu il ikinci dəfə Kipr məsələsinin həllinə dair geniş tərkibli görüş başlayıb. Görüşdə BMT Baş katibi Kiprdə icmalar arasında etimadın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Kipr 1974-cü ildə Türkiyənin hərbi müdaxiləsindən sonra bölünüb.

Adanın şimal hissəsi hazırda yalnız Türkiyənin tanıdığı "Şimali Kipr Türk Respublikası"nın nəzarətindədir, cənub hissəsi isə Kipr Respublikası olaraq tanınır.

Seçilən
33
teleqraf.com

1Mənbələr