Kosmosdan tullanaraq adını tarixə yazdıran məşhur avstriyalı paraşütçü Feliks Baumqartner İtaliyada qəza nəticəsində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, hadisə İtaliyanın Marche bölgəsində baş verib.
56 yaşlı ekstremal idmançı paraplanla uçuş zamanı idarəetməni itirərək otel hovuzunun yaxınlığında yerə çırpılıb. Məlumata görə, qəzaya uçuş zamanı qəfil səhhət problemi səbəb olub.
“Qorxmaz Feliks” ləqəbli Baumqartner 2012-ci ildə 38 kilometr yüksəklikdən xüsusi kostyumla tullandıqdan sonra səs sürətini keçən ilk paraşütçü kimi tarixə düşüb. Uçuş zamanı o, saatda 1343 km sürətə çatıb.