"Bəzən emosional olaraq çox yoruluruq. Bu yorğunluğun isə gündəlik həyatımıza çox təsiri var".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, həmin səbəblərdən bəhs edib:
"İlk növbədə emosional yorğunluq bədənimizə, işimizə və həyatımıza təsir edir. Çünki bədən fəaliyyətimizin çox hissəsi beynimizdən başlayır. Beyin olaraq yorğun olur və emosional olaraq tükəniriksə, bu, bizim bədənimizə, ruhumuza və duyğularımıza təsirsiz ötüşmür".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, emosional yorğunluq yaranırsa, həyata qarşı marağımız getdikcə azalır:
"Əvvəllər zövq aldığımız şeylər bizim üçün əhəmiyyətini itirir. Hətta yuxudan oyanandan sonra belə özümüzü yorğun hiss edirik. Həmçinin, şəxsi və iş həyatımıza qarşı laqeyd olmağa başlayırıq. Şəxsi münasibətlərdə gərginlik və söz-söhbət yaranır. Bütün bu yüklənmə fonunda isə ağlamaq istəyi də olur".
Ekspertin sözlərinə görə, hər daim özümüzü yorğun, gərgin və qəmgin hiss etdiyimiz üçün həyatdan bezmiş kimi oluruq:
"Sosial çevrəmizdən uzaqlaşmağa çalışırıq. İnsanlarla ünsiyyətdən qaçırıq. Özümüzü yetərsiz hiss edirik və heç nəyə fokuslana bilmirik. Eyni zamanda, insanların istək və düşüncələrini də nəzərə almamağa başlayırıq.
Çox vaxt özümüzə qapanırıq. Nəticədə, panik atak, depressivlik, sosial təcrid, narahatlıq problemləri və həyatdan zövq almamaq baş qaldırır. Üstəlik, fiziki olaraq da o qədər yorğun oluruq ki, uxudan doymuruq".
Nabat Mirzəyeva əlavə edib ki, emosional olaraq yorğun hiss edənlər psixoloji dəstək ala bilərlər:
"Bunun səbəblərini araşdırmaq və yaxınlarla danışmaq lazımdır. Psixoloji dəstək alaraq problemdən daha tez xilas olmağı da seçə bilərsiniz.
Düşünürəm ki, öz inkişafınıza yönəlmək, yürüş etmək, musiqi dinləmək, kitab oxumaq, film izləmək kimi sizə xoş gələn fəaliyyətlər sizi bu emosional yorğunluqdan xilas edə bilər. Ümumiyyətlə, hər emosional boşluqda insan özünü inkişaf etdirdikcə və nə üçün bunu yaşadığını dərk etdikcə bir çox mərhələdən keçər".
Pərviz