Ziyalı, bu sözün mənası işıqlı adam deməkdir. İşıqlı, yəni ətrafına işıq saçan, cəmiyyəti işıqlandıran, nurlandıran. Ağsaqqal, ağbirçək ədası ilə bildiyini paylaşan, nəsihətini, tövsiyyəsini verən insan...
Ziyalı, yəni savadsız kəsimə işıq tutan. Bunu edərkən də qətiyyən üslubunu, özünə sayğını itirməyən birisi deməkdir. Bu gün cəmiyyətdə ziyalı ilə ziyanlı arasında çox incə bir cizgi var. Hətta bir kamera qədər fərq var. Əlinə telefon alan hər kəs yeri gəldi, gəlmədi şəkil çəkib paylaşa bilməz. Ən azından o ziyanlı AR Konstitusiyasının 32-ci maddəsinin tələbinə əməl edərək gizli audio, videoçəkiliş aparmağın yasaq olduğunu oxuyub bilməlidir. Niyə? Çünki ziyalıdır də... Oxuyandır, öyrənən və öyrədəndir.
Ziyalı metroda çılpaq gördüyü bir qızın şəklini paylaşıb qınaq hədəfinə çevirməməlidir. Çünki artıq elmi cəhətdən əsaslandırılır ki, açıq-saçıq geyimin əxlaq ilə bir əlaqəsi yoxdur.
Bu məsələnin dərin psixoloji kökləri var. Yəni, əgər bir qız açıq geyinirsə, deməli evində, ailəsində çox ciddi dəyərsizlik duyğusu ilə böyüdülür. Deməli, bu qızın psixoloji problemləri var. Bunun oğlanlar üzərindəki təsiri içki, qumar, narkotikaya qurşanma, yüngül forması siqaret çəkmə, ilk asudəlik çağlarında evə gec saatda gəlmə kimi hallardır. Kimsəyə sirr deyil ki, oğlanlar ilk psixoloji özgürlüklərini siqaret çəkərək elan edirlər. İndi gələk söhbətimizə. Şəkli paylaşılan şortikli xanıma... Zatən psixoloji problemi olan birini sosial şəbəkədə paylaşaraq qınaq obyektinə çevirib bir az da psixologiyasını pozmaq hansı ziyalılığa sığar? Az öncə dəyər verdiyim ziyalılardan birisinin statusunda şortikli qızın şəkli paylaşılmışdı. Bu zatən başlı-başına bir problemdir, ancaq qəribədir ki, yanında oturan xanım (üzü bağlı paylaşılsa da) mənim gəlinim idi. Baxan kimi tanıdım. Mən tanıdımsa, deməli gəlnimi tanıyan hər kəs onu tanıyar. Ziyalımızdan rica etdim ki, mən gəlnimin şortikli qız mübahisəsinin ortasında adının hallanmasını istəmirəm. Silin. Sildi, həmən arxasınca elə status yazdı ki, sanki mənim bu tələbim cinayət işi imiş və milli dəyərlərə təcavüz imiş. Ən pisi nədir? Dərhal şəkil xəbər saytlarına düşdü. Əgər mən və gəlnimiz zamanında etiraz etməsəydi həmin şəkildə və mübahisədə onun da görüntüsü yayılacaqdı. Yəni, deyirəm ki, günümüzdə hər kəs reytinq arxasınca qaçdığı bir zamanda özəlliklə ziyalılarımız ziyanverici mövqelərdən çıxış etməməlidir.
Addımlarını yüz ölçüb bir biçməlidir ki, nə münasibətlər korlanmasın, nə də insanlar durduqları yerdə əsəb keçirməsin. Mən niyə insanlara açıqlama verməliyəm? Mən niyə bir sosial şəbəkədə bir paylaşım görəndə mütaliəmi yarımçıq qoyub məsələnin arxasınca düşməliyəm? Bəs hanı bizim ziyalılığımız? Harda qaldı? İndi bu ziyalımızın işığı hara düşdü?
İllər öncə Dedi-qodu folklor janrıdımı? Adlı bir elmi araşdırmamın içində “Şortikli qız” qalmaqalını dedi-qodu ünsürü kimi vermişdim. Yəni əslində bu ziyalı xanımımızın elədiyi dijital dedi-qodudan başqa bir şey deyil.
Bu dedi-qodunu eləmək ayıb olmadı, yanlış olmadı, amma şəklin ordan silinməsini istəmək milli duyğulara zərər oldu, eləmi?
Başa düşürəm, geyim məsələsi cəmiyyətin ciddi problemidir. Bunu açıqca dəstəkləyirəm ki, hamı ədəbi ilə geyinəndə gözəl olar. Yanlış anlaşılmasın, mən öz geyimini bilən birisiyəm. Bu günlərdə Türkiyədə çimərlik paltarında imtahana gəlmiş qızcığazın görüntüsündən iyrənmişdim.
Bizim toplumumuzun ona doğru getməsini istəmirəm, ama bunun qarşısı belə qıcıqlandırıcı addımların atılması ilə alınmaz axı. Belə halların qarşısını almaq üçün məsələn, mən yaxınlaşıb o xanımı dinləməyə çalışaram, problemini anlamaq istəyərəm. Əgər belə bir imkanım yoxdursa, deməli, artıq susaram.
İki səbəbdən: 1.Özümə sayğıdan, 2.Qarşımdakı qızın görüntüsünün səbəbinin özü yox, ailəsi olduğunu bildiyim üçün.
Xanımlar və cənablar! O xanım zamanı gələndə, psixologiyası yetişkinləşəndə, özünü sevməyi və özünə sayğı duymağı öyrənəndə geyimini düzəldəcək. Gəlin, gənclərimizi incitməyək! Hamımız bilirik ki, valideynlərimiz “qorumaq” adı altında övladlarını qısıtlayıb, hər istəyini geri çevirib, zamanında uşaqlarını dinləməyib, onları sevməyib ciddi dəyərsizlik duyğuları ilə yükləyərək böyüdüb. Mənim günümüzdə qarşılaşdığım hər üç gəncin ikisinin yanında ailədaxili sevgidən, anlayışdan danışmaq olmur. Qeyri-ixtiyari gözündən yaş gələnlər var, gözünü qaçıranlar var. Gənclərlə ünsiyyət qurun, onları anlayın. Lənətə gəlmiş “namus” yaftası altında insanları əzməyin, incitməyin, canlı birər ölüyə çevirməyin. Qınadığınızla sınanacaqsınız, bu məsələnin mənəvi tərəfidir. Ama həm də ziyalılığınızla qınanacaqsınız, bax, bu da məsələnin məsuliyyət tərəfidir.
Sayğılarımla!
Dos.Aynur Qəzənfırqızı, folklorşünas