AZ

Tramp nefti ucuzlaşdırmaq istəyir - Müttəfiqləri buna razı olacaqmı?

ABŞ neft qiymətlərinin aşağı salınmasına çalışır. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Onun fikrincə, Rusiyaya təzyiqin artırılması üçün neftin ucuzlaşması vacibdir.

 

Bəs indiki şərtlərlə neftin qiymətinin daha da aşağı salınması imkanı varmı, əsas neft ixracatçıları bununla razılaşarmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli xatırlatdı ki, Donald Tramp yenidən hakimiyyətə gələndən sonra neft qiymətlərində nəzərəçarpacaq eniş müşahidə olunub.


Onun sözlərinə görə, keçən ilin sonu ilə müqayisədə qiymətlər orta hesabla 10 faizədək azalıb:

 

“Bu azalma birbaşa Trampın siyasətindən qaynaqlanır. Neft qiymətlərindəki bu enişin səbəblərini bir neçə əsas istiqamətdə izah etmək olar.


Birincisi, Tramp hakimiyyətə gələndən sonra ənənəvi enerji sektoruna yönəlik subsidiyaların və tənzimləmələrin ləğv olunacağını bəyan etdi. O, bu sahədəki məhdudiyyətləri aradan qaldırdı və hasilatla bağlı sərbəstliyi təşviq etdi. Əvvəllər Bayden administrasiyası tərəfindən yeni yataqların istismarı və kəşfiyyat işlərinə qoyulan məhdudiyyətlər Tramp dövründə ləğv edildi. Nəticədə gözlənti yarandı ki, yaxın zamanda ABŞ neft hasilatını əhəmiyyətli dərəcədə artıracaq. Bu gözlənti isə bazarda təklifin artacağı düşüncəsini formalaşdırdı və qiymətlərə təzyiq göstərdi”.

 

 

İqtisadçı Trampın ənənəvi enerji sektoruna müsbət yanaşması onun bu sahəni sıxışdırmaqdansa, bazar qaydaları çərçivəsində inkişafını dəstəklədiyini göstərdiyini bildirib:

 

“O, düşünür ki, alternativ enerji mənbələri inkişaf edə bilərsə, buna şərait yaradılmalıdır, lakin ənənəvi enerjini süni şəkildə sıxışdırmaq səmərəsizdir. Məsələn, Avropa İttifaqı yaşıl enerjiyə keçidi prioritet hesab etdiyindən ənənəvi enerji layihələrinə maliyyə ayırmaqdan imtina edir. Bu isə 2022-ci ilin iyununda imzalanan qaz təchizatının artırılmasına dair memorandumun reallaşmasına mane olur. Azərbaycan qazını Avropaya çatdırmaq üçün boru kəmərinin həcmini ikiqat artırmaq planı olsa da, maliyyə dəstəyi olmadığı üçün layihə irəliləmir”.

 

O qeyd edib ki, ikinci mühüm faktor isə inflyasiyadır:

 

“Trampın əsas seçki şüarlarından biri - qiymətlərin aşağı salınması və inflyasiya tempinin azaldılmasıdır. Bunun üçün enerji qiymətlərinin düşməsi vacibdir. Çünki Trampa səs verən elektorat arasında benzin və digər enerji daşıyıcılarının qiymətinə qarşı xüsusilə həssas olan sosial təbəqələr mövcuddur. Tramp daxili siyasi məqsədlər, o cümlədən qarşıdan gələn Senat və Konqres seçkilərində üstünlük qazanmaq üçün enerji qiymətlərini aşağı səviyyədə saxlamaqda maraqlıdır. Digər bir dolayı amil isə Trampın ticarət siyasətidir. Onun apardığı ticarət müharibələri və gömrük tariflərinə dair sərt yanaşmaları da neft bazarına təsir göstərir. Hərçənd ki, bu siyasətin nəticəsində yaranan təsirlər Trampın birbaşa niyyəti olmasa da, bazarda qiymət dinamikasına təsirsiz ötüşmür”.

 

X.Kərimli bütün bu amillərin birgə təsiri altında 2025-ci ilin ikinci yarısına dair neft qiymətləri üzrə proqnozların bir qədər optimistləşdirildiyini əlavə edib:

 

“Məsələn, “Goldman Sachs” neftin qiymətinə dair proqnozunu 60 dollardan 66 dollara yüksəldib. Beynəlxalq Enerji Agentliyi də 2025-ci ilə dair neft üzrə gözləntilərini artırıb. Lakin 2026-cı il üçün qiymət proqnozları bu illə müqayisədə daha aşağı – 55-60 dollar arasında təxmin edilir. 2027-ci ildə isə qiymətlərin daha da enərək 50-55 dollar aralığında olacağı gözlənilir.


Bunun əsas səbəblərindən biri, Trampın siyasətinin neft hasilatını stimullaşdırması və təklifi artırmasıdır. Eyni zamanda OPEC+ ölkələrinin hasilatı artırmaq planları da qiymətlərə təzyiq göstərə bilər. Hazırda gündəlik 2.2 milyon barel əlavə hasilat planlaşdırılır, lakin bu səviyyənin daha da artırılıb-artırılmayacağı qeyri-müəyyəndir.


2025-ci ildə həm ABŞ, həm də Çində iqtisadi göstəricilərin yaxşılaşması və qlobal neft tələbatının gündəlik 1 milyon barel artacağı gözləntiləri qiymətləri stabilləşdirən müsbət faktorlar sırasındadır. Eyni zamanda, Rusiyanın neft infrastrukturlarına Ukraynanın endirdiyi zərbələr də təchizat baxımından müəyyən qeyri-müəyyənlik yaradaraq qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olub”.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
7
sfera.az

1Mənbələr