Bakı, 18 iyul, AZƏRTAC
Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) eyni platformada qarşılıqlı əməkdaşlıq ruhunda bir araya gəlməsi regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən ali audit orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ASOSAI və ARABOSAI-nın Bakıda keçirilən birgə toplantısındakı çıxışı zamanı deyib.
O bildirib ki, toplantının gündəliyində yer alan əsas mövzular – “Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid”, eləcə də, “İqlim dəyişikliyinə qarşı mübarizə” zamanın tələblərinə cavab verən aktual və strateji əhəmiyyət daşıyan məsələlərdir:”Həmin sahələrdə effektiv nəticə əldə etmək üçün ilk növbədə maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi zəruridir. Bu kontekstdə ali audit orqanlarının rolu getdikcə artır. Məhz bu cür toplantılar üzv ölkələrin həmin çağırışlara qarşı ortaq mövqe formalaşdırmasına və qabaqcıl yanaşmaların bölüşülməsinə şərait yaradır”.
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı yalnız özəl sektor üçün deyil, dövlət idarəçiliyi və ictimai xidmətlər sahəsində də ciddi dəyişikliklərə yol açmaqdadır. “Süni intellektin audit proseslərinə inteqrasiyası istər böyük verilənlərin təhlili, istərsə də qabaqlayıcı nəzarət sistemlərinin qurulması baxımından auditin effektivliyini xeyli artıracaq. Eyni dərəcədə vacib olan ikinci mövzu - iqlim dəyişiklikləri və onunla bağlı risklər artıq təkcə ekoloji deyil, sosial və iqtisadi sabitliyə təsir göstərən qlobal çağırış kimi qəbul olunur. Bu risklərə qarşı həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi ciddi resurs tələb edir. Həmin vəsaitlərin məqsədyönlü, şəffaf və nəticəyönümlü istifadəsi üçün isə ali audit orqanlarının nəzarət funksiyaları həlledici əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.
Hesablama Palatasının sədri qeyd edib ki, Azərbaycan bu sahədə də beynəlxalq təşəbbüslərə fəal dəstək verir. Ölkəmizin ötən il COP29-a ev sahibliyi etməsi həm milli, həm də qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizə əzmimizin göstəricisidir: "Həmin reallıqlar fonunda regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin sistemli şəkildə aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan bu gün burada ASOSAI və ARABOSAI arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin irəli sürülməsi və strateji hədəflərin müəyyənləşdirilməsi üçün real addımlar atacağımıza inanıram. Əminəm ki, bu toplantı həm mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, həm də yeni tərəfdaşlıqların formalaşmasına dəyərli töhfə verəcək. Hesablama Palatası olaraq, hər zaman regional və beynəlxalq əməkdaşlığa açıq olduğumuzu və həmin istiqamətdə səylərimizi davam etdirəcəyimizi bir daha bəyan edirik".