
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt təhlükəli cinayətkar olan miqrantların bu ölkədən Əfqanıstana deportasiyası üçün “Taliban” hərəkatı ilə danışıqlara ehtiyac olduğunu açıqlayıb.
Reyting.az xəbər verir ki, alman nazir bu barədə ARD kanalında söz açıb.
“Əgər biz gələcəkdə Əfqanıstana deportasiyaya icazə verməkdə davam etmək istəyiriksə, o zaman bu əlaqələri davam etdirməliyik, bu danışıqları aparmalıyıq. Bu, diplomatik münasibətlər səviyyəsindən aşağıdır, lakin bu danışıqlar aparılmalıdır”, - nazir qeyd edib.
Nazir deyib ki, bu gün təxminən saat 8:35-də Leypsiq hava limanından Kabilə qalxan təyyarənin göyərtəsində 81 əfqan olub. Onun sözlərinə görə, deportasiya edilən şəxslər “ağır və çox ağır cinayətkarlardır”.
Nazir vurğulayıb ki, bu cür deportasiyalar “vətəndaşların tamamilə qanuni maraqlarını” təmsil edir. Onun sözlərinə görə, aksiya Qətərin köməyi və Əfqanıstanla texniki təmaslar vasitəsilə həyata keçirilib.
“Bild” nəşri isə yazır ki, Almaniya hökuməti kansler Fridrix Merzin rəhbərliyi altında mayın 6-da hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq bu ölkədən Əfqanıstana təhlükəli cinayətkarları deportasiya edib.
ELÇİN