AZ

İxtisas seçimi zamanı saxta “ekspert bolluğu” YARANIR

Artıq ixtisas seçimi mərhələsinə çox az vaxt qalır. Nəzərə alsaq ki, bu dönəmdə sosial şəbəkələrdə bir çox insan özünü ixtisas seçimi üzrə "peşəkar məsləhətçi" kimi təqdim edir, vəziyyət daha da qarışıq hal alır. V

Bir çox valideyn bildirir ki, ixtisas seçimi ilə məşğul olan şəxslər bu xidmət üçün çox yüksək məbləğlər tələb edirlər. Bu səbəbdən də bir çox ailə üçün bu xidmətlər faktiki olaraq əlçatmaz olur. Belə təəssürat yaranır ki, ixtisas seçimi bazarında artıq "əl yandıran qiymətlər" hökm sürür.
 

Mövzu ilə bağlı AzEdu.az təhsil eksperti Əmrah Həsənli ilə həmsöhbət olub.

Ekspert qeyd edib ki, hazırda ixtisas seçimi mərhələsi yaxınlaşdıqca sosial şəbəkələrdə “ekspert bolluğu” yaranıb

 

"Özünü ixtisas seçimi üzrə peşəkar kimi təqdim edən, əslində isə bu sahə ilə heç bir real bağlılığı olmayan şəxslərin sayı günü-gündən artır. Kiminsə bir dəfə ixtisas seçməsi, ya da balları düz yığması artıq “məsləhətçi” olması üçün kifayət sayılır. Nəticədə isə bu sahədə xaos yaşanır, valideynlər və abituriyentlər çaşqınlıq içində qalır. Daha acınacaqlısı isə odur ki, bu “məsləhətçilər” az qala psixoloq, təhsil eksperti, əmək bazarı analitiki və statistika üzrə mütəxəssis rollarını öz üzərlərinə götürürlər – halbuki bu sahələrin heç birində real təcrübələri yoxdur. İnsanların gələcəyi ilə bu qədər rahat oynamaq nə etikdir, nə də vicdanlı. Ancaq təəssüf ki, bu şəxslərin məqsədi gənclərin doğru yönləndirilməsi yox, bir-iki saatlıq danışıqla qazanc əldə etməkdir".

Bir çox valideyn qiymətə aldanıb, düşünürlər ki, baha xidmət daha keyfiyyətlidir: "Amma unutmamalıyıq ki, yüksək məbləğlə danışan hər kəs mütəxəssis deyil. Bəzi “məsləhətçilər” 200-250 manat qarşılığında 15-20 dəqiqəlik səthi məlumat verir, üstəlik bunu o qədər şablon və soyuq şəkildə edirlər ki, abituriyent bir az da motivasiyasını itirir. Bu gün ixtisas seçimi  yəni bir gəncin gələcək peşəsini müəyyənləşdirməsi  sadəcə bal hesabı ilə ediləcək qədər sadə məsələ deyil. Bu, həm emosional, həm zehni, həm də strateji yanaşma tələb edən vacib qərardır. Bu qərar statistikaya baxıb “bu ixtisas keçdi, yaz getsin” deməklə deyil. Təəssüf ki, sosial şəbəkələrdə məhz bu tip alqı formalaşıb.

Valideynlərə çağırış edirik ki, övladınızın gələcəyini sosial mediada “özünü tanıtmış” şəxslərin şübhəli məsləhətlərinə qurban verməyin. Baxın, həmin adam kimdir? Təhsil sahəsində fəaliyyəti varmı? İllərdir bu sahədə işləyirmi? Real nəticələri, reputasiyası varmı? Yoxsa sadəcə “trendə düşüb” ixtisas seçimi dalğasından özünə fayda çıxarır?"

Unutmamalıyıq ki, yanlış ixtisas seçimi bir gəncin illərini ala bilər. Amma doğru yönləndirmə onun həyatını qura bilər

"Əslində belə bir mərhələdə dövlətin və aidiyyəti qurumların müəyyən tənzimləmə mexanizmləri tətbiq etməsi çox vacibdir. Məsələn, ixtisas seçimi üzrə məsləhət xidməti təqdim edən şəxslər üçün minimum bilik və təcrübə tələbləri, lisenziya və ya qeydiyyat sistemləri tətbiq olunmalıdır. Ən azı bu sahədə kimlərin danışmağa haqqı olduğunu cəmiyyət bilməlidir.

Təklifim odur ki, vətəndaşlar bu sahədə həqiqətən fəaliyyət göstərən, təcrübəsi olan, nəticələri və obyektiv yanaşmaları ilə seçilən şəxslərlə əməkdaşlıq etsinlər. Əgər ödəniş edirsinizsə, bilin ki, qarşılığında sadəcə bir “təxmin” yox, faktlara, təhlilə və individual yanaşmaya əsaslanan peşəkar dəstək almalısınız.

Bütün sahələrdə olduğu kimi, bu sahədə də peşəkar olmaq zaman, zəhmət və etibar tələb edir. Bu dəyərləri daşımayan heç kim övladınızın təhsil taleyinə yön verməməlidir".

Seçilən
0
azedu.az

1Mənbələr