AZ

"Sabah"ı Avropa Liqasında dayandıran səbəblər - "Petrokub"la da asan olmayacaq

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Artıq Avropa Liqasında təmsilçimiz yoxdur. Hərçənd, mübarizəyə Çempionlar Liqasından başlayan "Qarabağ"ın irəlidə mümkün büdrəməsi halında AL-ə düşmək ehtimalı var. Ancaq indiki məqamda "Sabah" sözügedən klub turnirindəki təmsilçiliyimizi dayandırdı və yoluna Konfrans Liqasında davam edəcək. 
Bəs komandamız üçün "Sele" səddi niyə keçilməz oldu? İki görüşdə rəqibini 5 dəfə məyus edən "bayquşlar"ın istəyinə çata bilməməsinin obyektiv və subyektiv səbəblərindən danışacağıq...   

Bakıda buraxılan o qol olmasaydı...

Əslində, "Sabah" cütün taleyini Bakıdakı oyunda əldən buraxmış, şansını çətinə salmışdı. Məğlubiyyəti şərtləndirən səbəbləri bir neçə aspektdən izah etmək olar.  
Vasili Berezutskinin "bayquşlar"ı qəfil, toplanışa bir həftə qalmış atıb getməsi, klub rəhbərliyinin yeni baş məşqçi axtarışına bir neçə gün artıq vaxt sərf etməsi, Valdas Dambrauskasla təzə oyunçuların uyğunlaşma sıxıntısı, müdafiədə edilən dəyişikliklər və sair məqamlar üst-üstə toplandıqda problemə çevrildi.       
Sırf oyun planına gəldikdə, "Sabah" ilk görüşdə rəqibdən həddindən artıq ehtiyatlanırdı. Hücumlar zamanı komandanın irəlidə çoxala bilməməsi, əsas diqqəti müdafiəyə ayırıb irəlidə 2-3 oyunçunun pressinqinə ümid bağlaması diqqətdən yayınmadı. Bununla belə, cəmi 3 həftə kollektivə  başçılıq edən Dambrauskasın yetirmələri bir saat ərzində sərgilədiyi futbolla rəğbət oyada bildi. Topa sahib olmağı sevən və bunu bacaran, orta sahədə sıx müdafiə yaratmaqla komandamızın ritmini pozan "Sele"ni 60-cı dəqiqələrə kimi pressinqlə zərərsizləşdirmək bir çox hallarda mümkün olurdu. Amma tədricən güc itirən və yorulan "bayquşlar" matçın sonluğunu zəif keçirdi. Qələbə istəyi komandanı tələskənliyə və başıpozuq hücumlara körükləyirdi ki, belədə rəqibin sürətli əks-hücumları təhlükəli alınırdı. "Sele" topu itirdikdən sonra tez geriyə çəkilir, amma onu qazandıqdan sonra sürətli həmlələr təşkil edirdi. Bu, "Sabah"ın nisbətən ləng müdafiəsinə qarşı effektli olurdu. Tərslikdən masazırlıların ikinci hissədə top itkiləri kifayət qədər idi. Üstəlik, daha çox dəyişikliyə məruz qalan müdafiədəki oyunçuların fərdi səhvləri, qapıçı və arxa xətt oyunçuları arasında anlaşılmazlıq koordinasiya problemi ilə nəticələnirdi.
Rəqibin ustalıq cəhətdən "Sabah"ı üstələməsi bir yana, fiziki hazırlıq baxımından da fərq müşahidə olunurdu. "Sele" futbolçuları daha enerjili və dinamik görünürdülər. Onlar oyunun sonuna qədər tempi qoruyub saxlaya bildilər. Belə məqamlarda təcrübə və avrokubok atmosferinin dəfələrlə yaşanması köməyə çata bilərdi ki, bu amil də Sloveniya təmsilçisinin lehinə idi. Bu, "Sabah"ın tarixində ilk AL oyunu idi və bəzi futbolçularda psixoloji təzyiq hiss olunurdu. "Sele" isə əvvəlki illərdə avrokuboklarda oynamış təcrübəli oyunçulara sahib idi. Biz ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləmiş komandadan danışırıq. Hansı ki, "Fiorentina"ya 1 top fərqi ilə yenilərək mübarizəni dayandırmışdılar. İtaliya təmsilçisi ilə səfərdə 2:2 hesablı heç-heçə etmələri onların nə dərəcədə cəsarətli olmalarının göstəricisidir...Bakıdakı görüş də 2:2 bitə bilərdi. Ancaq hakimin final fitinə saniyələr qalmış buraxılan qol komandanın işini çətinə saldı... 

Mikelsin benefisi qələbəyə yetmədi

Bununla belə istər Bakıdakı, istərsə də Seledəki görüşlərin gedişatı göstərdi ki, bu komandanı keçmək mümkün idi. "Sabah" hər iki oyunda hesabı açan tərəf oldu, rəqibini burada 2, Sloveniyada 3 dəfə meydanın mərkəzinə dəvət edə bildi. İlk oyunda dubl edən Pavol Şafranko matçın qəhrəmanı olmuşdusa, səfərdə Coy-Lens Mikels het-trikə imza atmaqla daha artığını reallaşdırdı. Oyunun əlavə olunmuş vaxta qədər uzanmasının "Sabah"ın ziyanına işləyəcəyini güman etmək olardı. Toplanışda olan, fiziki yükləmələri üzərindən tam atmağa fürsət tapmayan komandanın 120 dəqiqə oynaması fəsadsız ötüşə bilməzdi. Dambrauskasın əsas heyət üzvlərinin bir neçəsini əvəzləməsi, yorğunluq amili 108-ci dəqiqədə hesabın 3:3-ə çatması ilə nəticələndi. "Bayquşlar"ın yenidən qələbə qolunu vurmağa sadəcə gücü yetmədi. 
Beləliklə, paytaxt klubu Avroliqada mübarizəni dayandırdı...

Moldovalılarla görüş də asan olmayacaq

...Ancaq avrokubok mübarizəsi hələ bitməyib. "Sabah" Konfrans Liqasında yoluna davam edəcək. Bu o deməkdir ki, təmsilçimiz azı iki həftə də qitə səhnəsində qalacaq. Nəzərə alsaq ki, 2-ci təsnifat mərhələsində rəqib Moldova "Petrokub"u olacaq, "Sabah"ın yolu daha da uzana bilər. Moldovalılar 1-ci mərhələdə Malta "Birkirkara"sını üstələməyi bacardı. Baxmayaraq ki, ilk görüşdə məğlub (0:1) olmuşdular. Ancaq Kİşinyovdakı matçda 3 cavabsız qolla qalib gələn "Petrokub" iki görüşün ümumi nəticəsinə görə sevinən tərəf oldu. Sözügedən komanda ötən mövsüm Moldova çempionatını 4-cü pillədə başa vurub. 
Moldova Super Liqası artıq iyunun sonundan başlayıb və indiyədək 4 tur oynanılıb. "Sabah"In rəqibi isə 3 matç keçirib və bu görüşlərdə 7 xal toplayıb. Komandanın son çempion "Milsami" ilə ötən həftə keçirilməli olan görüşü təxirə salınıb. Növbəti təxirəsalma olmasa, "Petrokub" çempionatda növbəti oyununu iki gün sonra evdə "Şerif"ə qarşı keçirəcək.  
Qeyd edək ki, "Sabah"la "Petrokub" arasında ilk oyun iyulun 24-də Moldovada, cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Seçilən
38
fanat.az

1Mənbələr