AZ

Vaşinqtonun 50 günlük ticarət ultimatumu

ABŞ-ın yeni sanksiya təhdidləri Rusiyanın tərəfdaşlarını seçim qarşısında qoyur

Vaşinqtonun ticarət siyasətində sərtləşmə tendensiyası Rusiya ilə iqtisadi əməkdaşlıq edən dövlətlər üçün ciddi risklər yaradır. ABŞ prezidenti Donald Trampın Rusiyanın enerji məhsullarını alan ölkələrə qarşı 100 faiz dəyərində ikinci dərəcəli gömrük rüsumları tətbiq edəcəyi barədə verdiyi 50 günlük ultimatum, artıq beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Bu çətin balans axtarışı fonunda NATO-nun baş katibi Mark Rütte də məsələyə sərt reaksiya verib. O, dünyadakı əsas Rusiya tərəfdaşlarına, xüsusən də Çinə, Hindistana və Braziliyaya açıq şəkildə çağırış edib: “Əgər siz Rusiyadan hələ də enerji alırsınızsa, o zaman Vladimir Putinlə danışın və ona deyin ki, sülh danışıqlarına ciddi yanaşmalıdır”.

Cənab Rütte prezident Trampın planlarını dəstəkləyərək, Rusiyanın dost dövlətlərinə qarşı mümkün gömrük rüsumlarının “psixoloji təsir vasitəsi” olacağını və Qərbin mövqeyini gücləndirəcəyini bildirib. O vurğulayıb ki, bu təşəbbüs Qərbin Ukraynaya dəstəyini gücləndirməyə yönəlib və Avropa ilə ABŞ arasında strateji həmrəyliyi nümayiş etdirir.

Pekinin mövqeyi birmənalı olub – Çin rəhbərliyi Trampın sanksiya təhdidlərini qınayıb və Moskvaya “daha dərin dəstək” vəd edib. Hindistan isə daha çətin mövqedədir. Vaşinqtonla yeni ticarət razılaşmasına yaxın olan Dehli, bir tərəfdən ABŞ-la münasibətləri pozmaq istəmir, digər tərəfdən isə Rusiyadan neft idxalından asılı vəziyyətdə qalır. Hindistan hazırda gündəlik 2 milyon barrelə yaxın Rusiya nefti idxal edir və bu həcmi qısa müddətdə başqa mənbələrlə əvəzləmək praktiki olaraq mümkün deyil.

Analitiklər hesab edirlər ki, Donald Trampın bu cür kəskin sanksiyaları tətbiq etməsi Vaşinqton üçün də arzuolunmaz nəticələr doğura bilər. Belə ki, Çinə və Hindistana təzyiq dünya neft bazarında qiymət artımına səbəb olacaq və bu, nəticə etibarilə ABŞ daxilində inflyasiyanın artmasına gətirib çıxara bilər. Bu isə cənab Trampın prezident seçkiləri öncəsi reytinqinə mənfi təsir edə bilər.

Bundan başqa, “Bloomberg” agentliyi isə yazır ki, Trampın planlaşdırdığı 100 faizlik gömrük rüsumları nəinki Rusiyanın tərəfdaşlarını çətin vəziyyətə salacaq, həm də ABŞ-ın Çin və Hindistanla münasibətlərində yeni gərginlik mərhələsinə səbəb ola bilər. Agentliyin məlumatına görə, Hindistandakı bəzi hökumət rəsmiləri bu ssenarinin reallaşmasının “idarəolunmaz nəticələrə” səbəb ola biləcəyindən ehtiyatlanır.

Səbuhi MƏMMƏDOV 
XQ

 

Seçilən
9
xalqqazeti.az

1Mənbələr