AZ

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqlədi.

Turkustan.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas "X" sosial şəbəkəsində məlumat verib.

"Biz möhkəm dayanırıq. Avropa İttifaqı bu günə qədər Rusiyaya qarşı ən sərt sanksiya paketlərindən birini təsdiqlədi", – Kallas bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketi Rusiya Federasiyasının hərbi büdcəsini daha da məhdudlaşdırmağı hədəfləyir.

"Biz Kremlin hərbi büdcəsinə təzyiqləri artırırıq. Bu paket çərçivəsində daha 105 'kölgə donanması' gəmisini və onların təchizatçılarını hədəfə alırıq. Rusiya banklarının maliyyəyə çıxışı məhdudlaşdırılır, 'Şimal axını' boru kəmərləri tamamilə qadağan olunur. Neftin qiymət həddi daha da aşağı salınacaq. Rusiya hərbi sənayesinə və sanksiyalardan yayınmağa kömək edən Çin banklarına qarşı da təzyiqlər gücləndiriləcək. Eyni zamanda, ixracda istifadə olunan strateji texnologiyaların qarşısı alınacaq".

Kayya Kallas əlavə edib ki, Aİ bu dəfə ilk dəfə olaraq gəmiçilik bayraqlarının reyestrini və "Rosneft"in Hindistandakı ən böyük neft emalı zavodunu da sanksiyalar siyahısına daxil edib.

"Bizim sanksiyalar həmçinin ukraynalı uşaqların ideoloji təlqini ilə məşğul olan şəxsləri də hədəf alır", – diplomat vurğulayıb.

Sonda Aİ-nin ali nümayəndəsi bildirib:

"Biz Rusiyanın bu müharibə üçün ödədiyi qiyməti artırmaqda davam edəcəyik. Təcavüzü dayandırmaq Moskva üçün yeganə çıxış yolu olacaq".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr