Muxtar respublikanın Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikası Baş nazirinin sədrliyi ilə 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin yekunları və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetindən mətbuata verilən açıqlamada deyilir ki, müşavirəni açan Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da genişmiqyaslı islahatlarla müşayiət olunur. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi, yerli sənaye və kənd təsərrüfatının inkişafı, eləcə də sosial sahələrdə həyata keçirilən yeniliklər regionun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verməkdədir.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun, maliyyə naziri Həsən İsmayılovun, iqtisadiyyat naziri Kazım Hüseynəliyevin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Sahir Rüstəmovun və “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Rövşən Sadıxovun 2025-ci ilin I yarımili ilə bağlı məruzələri dinlənilib.
Görülən işlərin nəticələrini təhlil edən Ceyhun Cəlilov iqtisadi sabitliyin və sosial inkişafın təmin olunmasında əldə edilmiş göstəricilərin qorunub saxlanılması və daha da yaxşılaşdırılması məqsədilə qarşıdakı dövr üçün konkret hədəflərin müəyyənləşdirildiyini bildirib. O, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini, əldə olunmuş nəticələrin və növbəti dövr üçün zəruri addımların atılmasının nəzarətdə saxlanılmasını, eyni zamanda, büdcə intizamına ciddi riayət olunmasının və infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayıb.
Mətləb Salahov