Əgər sağlamlığınızı yaxşılaşdırmaq qərarına gəlmisinizsə, mütləq qarşınıza böyük tapşırıqlar qoymaq lazım deyil: məsələn, tez-tez idman zalına getməyə, şəkərdən tamamilə imtina etməyə və s.-ə ehtiyac yoxdur...
Poliqon Parade qəzetinə istinadən xəbər verir ki, gündəlik gəzintidən başlaya bilərsiniz. Bu, xüsusilə, ürəyinizin sağlamlığına xeyir verəcək.
"Fiziki fəaliyyət, hətta adi gəzinti də, ürək sağlamlığı üçün edə biləcəyiniz ən güclü şeylərdən biridir", deyə kardioloq Maykl Fattuh bildirir.
O izah edir ki, fəal həyat tərzi qan təzyiqini aşağı salmağa, arıqlamağa kömək edir, orqanizmin insulinə reaksiyasını yaxşılaşdırır, iltihabı azaldır:
"Və bu siyahını davam etdirmək olar. Əsas məqam budur ki, fəal qalan insanlar daha uzun yaşayır və ürək tutmaları daha az hallarda baş verir".
Tibb elmləri doktoru, kardioloq Maykl Barri bildirib ki, Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 150 dəqiqə orta dərəcəli aerobik fəaliyyətlə məşğul olmağı tövsiyə edir, bura gəzinti də daxil ola bilər. Əgər hər gün gəzirsinizsə, bu o deməkdir ki, hər gəzinti təxminən 21 dəqiqə davam etməlidir.
Əgər yüksək fiziki fəaliyyətə öyrəşməmisinizsə, Maykl Barri azdan başlamağı tövsiyə edir: "Gündə iki dəfə 10 dəqiqə gəzməyə çalışın, tədricən sürəti və məsafəni artırın".
O, gündəlik gəzinti müddətini bir dəqiqə artırmağı və tədricən 30 dəqiqəyə çatmağı məsləhət görür: "Mən, xüsusilə oturaq həyat tərzi keçirən pesientlərimə daimi gəzintilər təyin edirəm".
Onun sözlərinə görə, o adətən həftədə dörd gün 20-30 dəqiqəlik gəzintidən başlamağı tövsiyə edir. Başqa bir məsləhət isə lift əvəzinə pilləkənlərdən istifadə etməkdir: "Gəzinti daha orta səviyyəli fiziki məşqlərə gedən yoldur. Mütləq irəliləyişinizi izləyin, reallığa uyğun məqsədlər qoyun - və hər ay Amerika Ürək Assosiasiyasının həftədə 150 dəqiqə orta intensivlikli fiziki məşq tövsiyyəsinə yaxınlaşacaqsınız".
Hər ikisi kardioloq deyir ki, 30 dəqiqəlik gəzintilər sizin üçün asan olduğu kimi, onları daha çətin etmək lazımdır: daha sürətli gəzmək, daha çətin marşrutlar seçmək (təpəli və ya pilləkanlı yerlər), çəki vesti geyinmək: "Gəzintinin və fəal istirahətin müsbət təsirini tez hiss edəcəksiniz. Qısa və uzunmüddətli əhval-ruhiyyə yaxşılaşmasını görəcəksiniz, oynaq və əzələ ağrıları azalacaq, enerji səviyyəniz yüksələcək. Zaman keçdikcə qan təzyiqiniz, istirahət zamanı ürək döyüntü tezliyiniz və hətta xolesterin və diabet səviyyəniz aşağı düşəcək. Bütün bunlar daha sağlam ürək-damar sisteminə kömək edir".
Poliqon.info