Xırdalanda yerləşən və qeyri-yaşayış binalarının tikintisi, tikinti materiallarının satışı fəaliyyətlərilə məşğul olan "Mərmər İnşaat" ASC 2024-cü ili 10 milyon 254 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 13 milyon 606 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Mərmər İnşaat" şirkətinin xalis mənfəəti 3 milyon 352 min manat və ya 24,6% azalıb. Xalis mənfəətin azalması satış gəlirlərinin azalmasından qaynaqlanır.
Marja.az Şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, "Mərmər İnşaat"ın satışdan gəlirləri 2023-cü ildə 84 milyon 992 min manat ikən, 2024-cü ildə 75 milyon 590 min mant təşkil edib (9 milyon 402 min manat və ya 11% azalıb).
Maliyyə gəlirləri və digər gəlirlər də daxil ötən il "Mərmər İnşaat"ın cəmi gəlirləri 76 milyon 499 min manat, cəmi xərcləri 66 milyon 245 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixində "Mərmər İnşaat" ASC 63 milyon 388 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 52 milyon 497 min manat cəmi aktivlərə malik idi (10 milyon 891 min manat və ya 20,7% artıb).
2024-cü ilin sonunda "Mərmər İnşaat" ASC-nin 437 nəfər işçisi olub.
"Mərmər İnşaat" ASC-nin nizamnamə kapitalının 100%-i Axundova Hürzat Adil qızına məxsusdur.