AZ

Alimlər 80 milyon il əvvəl Antarktidada axan nəhəng çayları kəşf ediblər

Şərqi Antarktidada buz altında qorunmuş qədim landşaft buzun əriməsi proqnozlarının təkmilləşdirilməsinə kömək edə bilər…

Poliqon xəbər verir ki, alimlər Antarktidanın buz örtüyü altında 30 milyon il ərzində qorunmuş qədim landşaftı aşkarlayıblar. Qədim çayların törətdiyi eroziya, təxminən 80-34 milyon il əvvəl Şərqi Antarktidada buzun altında böyük və düz səthlərin yaranmasına səbəb olub.

Tədqiqatçılar “Nature Geoscience” jurnalında bildiriblər ki, bu landşaftın necə formalaşdığını və onun müasir landşafta necə təsir etdiyini anlamaq, gələcək buz itkisinin proqnozlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunur ki, Şərqi Antarktidanın buz örtüyü tamamilə ərisə, bu, dünya okeanlarının səviyyəsinin 50 metrdən çox yüksəlməsinə səbəb ola bilər. Lakin buz örtüyünün yaxın illərdə nə qədər əriməsini dəqiq proqnozlaşdırmaq üçün alimlər onun keçmiş davranışını və təməlindəki şəraiti bilmək məcburiyyətindədirlər.

Tədqiqatda alimlər buz altında olan qaya formasını xəritələşdirmək üçün dörd əvvəlki radiolokasiya tədqiqatından əldə edilmiş məlumatlardan istifadə ediblər.

Darhem Universitetindən polar geofizik Qay Paksmanın sözlərinə görə, "Buz altındakı relyefin radar görüntülərini araşdıranda, bu möcüzəvi düz səthlər demək olar ki, hər tərəfdə görünməyə başladı. Tapdığımız bu düz səthlər təxminən 30 milyon il ərzində nisbətən toxunulmamış qalıb ki, bu da buz örtüyünün landşaftı qoruduğunu göstərir."

Bu düz səthlər və aralarında dərin çökəkliklər olan sahə Şərqi Antarktidanın sahilində təxminən 3500 km uzunluğunda yerləşir.

Alimlər bildiriblər ki, bu səthlər Şərqi Antarktidanın buz təbəqəsi yaranmazdan əvvəl, lakin Gondvana superkontinentinin (indiki Antarktida, Avstraliya, Afrika və Hindistanın yerləşdiyi ərazi) dağılmasından sonra formalaşıb. Bu isə düz səthlərin yaşını 80-34 milyon il arasında müəyyən etməyə imkan verir.

Buz örtüyü bu düz səthlər üzərində nisbətən yavaş hərəkət edir, lakin aralarındakı çökəkliklərdə sürətli axış müşahidə olunur. Mümkündür ki, ərimiş su bu çökəklikləri milyard illər əvvəl Şərqi Antarktidanın buz təbəqəsi genişlənərkən formalaşdırıb.

Alimlər qeyd ediblər ki, düz səthlər üzərində buzun yavaş əriməsi qitədən buz itkisini tənzimləyə bilər.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr