AZ

Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...


Xalid Kərimli: “Orda yaşayan vətəndaşların bir qismi vergidən yayınır və ya gəlirlərinin bir qismi leqal deyil, belə olan halda...”

Rusiya hökuməti tərəfindən miqrantların sıxışdırılması halı hələ də davam edir. Bu dəfə Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklif edilib.

Köçürülən məbləğ maaşı keçərsə, gəlir mənbəyini təsdiqləyən bəyannamə təqdim olunmalıdır. Bu təklifi Rusiya Mərkəzi Bankına deputatlar Aleksey Neçayev, Sardana Aksentyeva və Vladimir Plyakin göndərib.

Onlar hesab edir ki, bu addım maliyyə əməliyyatlarında şəffaflığı və vergi daxilolmalarını artırmaq, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq və iqtisadi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, hazırda Rusiyada, qeyri-rəsmi məlumatlara görə, 3 milyona yaxın azərbaycanlı yaşayır. Onların sadəcə bir qismi vətəndaşlıq alıb. Müxtəlif sahələrdə çalışan soydaşlarımız Azərbaycanda yaşayan ailəsini, qohumlarını davamlı olaraq maliyyə vəsaiti ilə təmin edir. Rusiyada miqrantlarla bağlı yeni qayda tətbiq ediləcəyi təqdirdə azərbaycalılar növbəti problemlə üzləşəcəklərmi?

“Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələri qadağan olunarsa, bunun pul gəlişinə mənfi təsiri ola bilər”

İqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyadan Azərbaycana əhəmiyyətli dərəcədə pul göndərilirdi. Ancaq son zamanlar bu sahədə azalma müşahidə olunur: “2023-cu ildən Rusiyadan Azərbaycana pul göndərişi 63,3 faiz 1 milyard 747 milyon dollar idi. 2024-cu ildə isə bu rəqəm kəskin azaldı. Belə ki, həmin ölkədən Azərbaycana 496 milyon 753 min dollar vəsait göndərilib. Ümumi pul baratlarının xüsusi çəkisi isə 45 faizə düşüb. Bu statistika onu göstərir ki, 1 il fərqlə ölkəyə 600 milyon dollar az pul daxil olub. Cari ilin birinci rübündə də Rusiyadan Azərbaycana pul göndərişi əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə, Rusiyadan Azərbaycana pul göndərişi azalmaq tempindədir. Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələr qadağan olunarsa bunun pul gəlişinə mənfi təsiri ola bilər. Əslində pul göndərişi ilə bağlı məhdudiyyətlər Azərbaycanda da var. Belə ki, şəxs ay ərzində 20 mindən artıq pul göndərə bilməz və göndərəcəyi pulun mənbəyini, necə qazandığını göstərməlidir. Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklifi əslində Rusiya hökuməti üçün neqativ təklif deyil. Ancaq nəzərə almaq lazımdır ki, orda yaşayan vətəndaşların bir qismi vergidən yayınır və ya gəlirlərinin bir qismi leqal deyil. Məlumdur ki, Rusiyada yaşayanların bəzisi bazarda meyvə-tərəvəz satır, onlar da vergi ödəyicisi deyil. Bu səbəbdən təklif qəbul olunarsa, bu, Rusiyadan Azərbaycana pul göndərilməsinə təsir edəcək. Orda yaşayan soydaşlarımız gəlirlərinin bir qismini burda yaşayan doğmalarına göndərirdilər. Ancaq belə davam edərsə vəziyyət daha da pisləşəcək”.

Günel CƏLİLOVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr