AZ

"Rusiyanın "Sputnik"i başqa dövlətlərə qarşı dezinformasiya kampaniyasının alətidir"

Köhnə üsul, yeni hədəf

"Rusiya Æurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara məktub ünvanlaması qərəzli yanaşma olmaqla bərabər, real, obyektiv vəziyyətin kobud formada təhrif olunmasıdır". 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Rusiya tərəfinin mediadan istifadə edərək digər ölkələrə qarşı belə təxribat xarakterli kampaniyalar təşkil etməsi dəfələrlə təkrarlanıb. "Təəssüf ki, Rusiya belə çirkin kampaniyadan ölkəmizə qarşı da istifadə etməyə başlayıb. Məqsəd faktları kobud şəkildə təhrif etməklə beynəlxalq ictimai rəyi manipulyasiya cəhdidir. Faktlar Rusiya tərəfinin iddialarını qəti şəkildə təkzib edir. Məsələ ondadır ki, "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavixin və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları olaraq, FTX-nin tapşırıqlarını yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir", - deyə deputat bildirib.  

O qeyd edib ki, "Sputnik"in fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında rəsmi olaraq qadağan edilib və ya bloklanıb: "Bu qurum Rusiyanın başqa dövlətlərə qarşı həyata keçirdiyi dezinformasiya kampaniyasının aləti rolunda çıxış edir. Rusiya Æurnalistlər İttifaqının belə bir müraciət ünvanlaması absurddur, çünki bu gün Rusiya jurnalistlərin azad fəaliyyət göstərməsinin ən çətin və təhlükəli olduğu ölkələrdən biridir". 

V.Rəhimzadə vurğulayıb ki, Rusiyada müstəqil media nümayəndələrinə sistemli təzyiqlər edilməsi adi hala çevrilib: "Belə bir vəziyyətdə Rusiya Æurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə təxribatla məşğul olmaları onların acınacaqlı durumda olduğunu göstərir. Qurum casusluqda şübhəli bilinənləri dəstəkləmək əvəzinə öz ölkəsində real risklərə məruz qalan jurnalistlərin müdafiəsi ilə məşğul olsa daha məqsədəuyğun olar".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
65
azerbaijan-news.az

1Mənbələr