AZ

D.Trampdan yeni məhkəmə qərarı » AzadMedia.az

D.Trampdan

ABŞ prezidenti Donald Tramp "Wall Street Journal" (WSJ) qəzeti, "NewsCorp" şirkəti və media maqnatı Rupert Merdoka qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. Buna səbəb amerikalı maliyyəçi Ceffri Epşteynə təbrik məktubu ilə bağlı məqalənin dərc edilməsidir. Epşteyn müxtəlif məşhur və varlı insanlara yetkinlik yaşına çatmayan qızları "təmin etməkdə" ittiham olunub.

Ağ Ev rəhbəri bu barədə "Truth Social" səhifəsindəki paylaşımında yazıb.

"Wall Street Journal" qəzeti "Ceffri Epşteynin dostları onun 50 illik yubileyinə ədəbsiz məktublar yazıblar. O məktublardan biri Donald Trampdan idi" başlıqlı məqaləsində iddia edir ki, bu təbriklər albomunu və o cümlədən developer Donald Trampdan məktubu 2003-cü ilin əvvəlində, Epşteynin 50 illiyi ərəfəsində onun rəfiqəsi Gisleyn Maksvel toplayıb. Maksvel 2022-ci ildə Epşteyn üçün yeniyetmə qızları cəlb etməkdə təqsirli bilinərək 20 il həbs cəzasına məhkum edilib.

Tramp dərhal WSJ-nin məqaləsinə "Truth Social" sosial şəbəkəsindəki paylaşımı ilə cavab verib və bildirib ki, o, bu məktubu yazmayıb və o və onun mətbuat katibi Kerolin Livitt WSJ-nin sahibi Rupert Merdoku və baş redaktor Emma Takeri xəbərdar ediblər ki, bu məktubu dərc etməsinlər, çünki o, saxta sənəddir. "Prezident Tramp tezliklə "Wall Street Journal", "NewsCorp" [Merdokun korporasiyası] və cənab Merdoka qarşı məhkəmə iddiası qaldıracaq", - Trampın paylaşımında qeyd edilib.

Prezident öz paylaşımında izah edir ki, əgər məktub həqiqətən mövcud olsaydı, onu çoxdan, Epşteyn işi araşdırıldığı illərdə "dəli sol radikallar" dərc edərdilər. Qeyd edək ki, Tramp Demokratlar Partiyasından olan siyasi rəqiblərini bu cür adlandırır.

Ceffri Epşteyn 2019-cu ildə məhkəmə prosesini gözlədiyi həbs kamerasında ölü tapılmışdı. Araşdırmanın nəticələrinə görə, onun intihar etdiyi elan edilib.

Seçilən
4
1
azadmedia.az

2Mənbələr