Yay aylarında həm evdə, həm də avtomobildə kondisionerin istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Sərin və komfortlu mühit yaratmaq üçün bu cihazlardan istifadə edənlərin çoxu kondisioneri hansı rejimdə işlətməyin daha sərfəli olduğunu düşünür. Bəziləri kondisioneri adi (manual), digərləri isə avtomatik (avto) rejimdə istifadə edir. Amma hansının daha qənaətli və effektiv olduğu ilə bağlı fikir ayrılıqları var.Metbuat.az bununla bağlı kiçik araşdırma edib. Mütəxəssislərin fikrincə, istər evdə, istərsə də avtomobildə kondisionerin “avto” rejimdə işləməsi daha məqsədəuyğundur. Bu rejimdə cihaz daxil olduğu mühitin temperaturunu və rütubətini ölçərək öz işini ona uyğun şəkildə tənzimləyir. Beləliklə, sistem istənilən temperatur səviyyəsinə daha tez çatır, stabil işləyir və artıq enerji sərfiyyatının qarşısını alır. Adi rejimdə isə temperatur və ventilyator sürəti istifadəçi tərəfindən tənzimlənir. Bu zaman cihaz ya artıq soyudur, ya da istənilən effekti vermir. Nəticədə evdə elektrik enerjisinin sərfiyyatı artır, avtomobildə isə mühərrik daha çox yüklənir və yanacaq xərci yüksəlir. Bundan əlavə, kondisionerin tez-tez söndürülüb-yandırılması sistemin tez sıradan çıxmasına səbəb ola bilər.Avtomobil günəş altında uzun müddət park halında qaldıqda, ilk olaraq salonun pəncərələrini açmaq, isti havanı boşaltmaq və daha sonra kondisioneri işə salmaq tövsiyə olunur. Ev şəraitində isə kondisioneri açıq qapı və pəncərələrlə işlətmək enerji itkisinə səbəb olur.Mütəxəssislər kondisioner sistemlərinin vaxtaşırı texniki baxışdan keçirilməsini və filterlərin təmizlənməsini də tövsiyə edirlər. Bu, həm cihazın işini yüngülləşdirir, həm də elektrik və yanacaq sərfiyyatına qənaət edir.Qeyd edək ki, kondisionerdən düzgün istifadə yalnız komfort deyil, həm də xərclərə nəzarət baxımından əhəmiyyətlidir. “Avto” rejimi isə bu işdə ən uyğun seçim hesab olunur.