AZ

Yeni futbol qaydaları: penalti, VAR və sarı vərəqələr - ŞƏRH

IFAB oyun qaydalarında üç yeni dəyişiklik təklifi irəli sürüb. Ən diqqətçəkəni odur ki, penalti zərbəsi dirəkdən və ya qapıçıdan qayıtdıqda epizod davam etməyəcək və top oyunda sayılmayacaq. Digər iki təklif VAR sisteminin səlahiyyətlərinin artırılmasına aiddir – səhv künc zərbəsi və ikinci sarı vərəqə VAR-la ləğv oluna biləcək. Təkliflər 2026-cı ilin martında səsverməyə çıxarılacaq və təsdiqlənərsə, həmin ilin 1 iyun tarixindən qüvvəyə minəcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, penalti məsələsi əslində dünya futbolunda son illərdə verilən qərarların hücumu təşviq etmək istiqamətində atıldığını nəzərə alsaq, bu qərar bir qədər ziddiyyət təşkil edir:

"Yəni bu gün komandaların daha çox qol vurmasına şərait yaratmaq, hücum edən tərəfin üstünlüyünü artırmaq məqsədilə addımlar atılır. Lakin bu təklif həmin tendensiyaya uyğun gəlmir. Bununla belə, bu da vacib bir qərardır. Penalti epizodları ilə bağlı bu məsələ uzun zamandır müzakirə olunurdu. Çünki penalti zamanı qapıçı topu qaytardıqda, qaydaların mürəkkəbliyi futbolçuların cərimə meydançasında düzgün yerləşməsinə və epizoda müdaxiləsinə dair çoxsaylı mübahisələrə səbəb olurdu. Məsələn, zərbə zamanı rəqib komandanın futbolçuları cərimə meydançasına vaxtından əvvəl daxil ola bilərdi, biri daxil olurdu, digəri yox bu da qayda pozuntularının qeyri-müəyyənliyinə yol açırdı. Düşünürəm ki, bu dəyişiklik müdafiənin xeyrinə olsa da, penalti zərbəsinin icrası olduğu kimi saxlanılsa, sadəcə ondan sonrakı mərhələ dəyişdirilsə  bu, ümumilikdə müsbət addım kimi qiymətləndirilə bilər və qaydalardakı qarışıqlığın qarşısını ala bilər.

Künc zərbəsi məsələsi isə olduqca əhəmiyyətlidir. Çünki künc zərbəsi qol imkanlarının yarandığı əsas situasiyalardandır. Belə vəziyyətlərdə verilən səhv qərarlar oyunun nəticəsinə birbaşa təsir edə bilər".

Ekspert qeyd etdi ki, bu sahədə VAR-a əlavə səlahiyyət verilərsə, daha ədalətli qərarların çıxarılmasına kömək etmiş olar.

"Doğrudur, bu, hakimlərin iş yükünü artıra bilər, lakin ümumilikdə bu təklifi də müsbət qarşılayıram.

İkinci sarı vərəqə məsələsinə gəlincə, bu, artıq birbaşa qırmızı vərəqə ilə nəticələndiyi üçün çox önəmlidir. Hazırda VAR yalnız birbaşa qırmızı vərəqələrə müdaxilə edə bilir. İkinci sarı vərəqəyə isə VAR müdaxilə edə bilmir. Düşünürəm ki, bu təklif zəruri deyildi. İkinci sarı vərəqənin də VAR tərəfindən dəyərləndirilməsi həm əlavə iş yükü, həm də texniki baxımdan çətinliklər yarada bilər. Onsuz da VAR-da kifayət qədər qərarlar verilir, amma yetərincə hakim yoxdur. Bu, əlavə VAR hakimlərinin cəlb edilməsini və əlavə maliyyə xərclərini tələb edə bilər. Hesab edirəm ki, bu məsələni VAR-a həvalə etməyə ehtiyac yox idi" , - deyə K.Məstəliyev bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
36
6
redaktor.az

8Mənbələr