Samir Hümbətov: “Bu 20 ölkənin anti-İsrail sammitinə qoşulmasının səbəbi İsrailin qəzada həyata keçirdiyi hadisələrdir”
Kolumbiyanın paytaxtı Boqotada Qətər, İspaniya, Çin və İrlandiya da daxil olmaqla 20 ölkədən nümayəndələr İsrail əleyhinə fövqəladə sammit keçirib.
İştirakçı dövlətlərin nümayəndələri İsrailin Qəzza bölgəsində, Yəhudeya və Samariyada davam etdirdiyi beynəlxalq hüquq pozuntusu ilə əlaqədar bu ölkəyə qarşı konkret hüquqi və diplomatik tədbirlər hazırlamağa çalışıblar.
“Haaqa doqquzları” ilə yanaşı, BMT, Türkiyə, Braziliya, Portuqaliya, Əlcəzair, Livan, Oman, Uruqvay, Banqladeş, Çili, Cibuti, Honduras, İndoneziya, Malayziya, Nikaraqua, Sent-Vinsent adaları və Qrenadin nümayəndələri, həmçinin Author Palatasının nümayəndə heyəti də dəvət olunanlar sırasında olub.
Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Roland Lamola sammit ərəfəsində deyib ki, bu, beynəlxalq hüququn kənara çıxması və aşınmasına qlobal reaksiyada dönüş nöqtəsidir.
“Heç bir ölkə qanundan üstün deyil və heç bir cinayət cavabsız qalmayacaq” deyərkən o, yalnız İsraili nəzərdə tutub.
Kolumbiyanın xarici işlər nazirinin müavini Maurisio Jaramillo Jasir əlavə edib ki, Fələstin soyqırımı bütün beynəlxalq sistemin sabitliyini təhdid edir. Onun sözlərinə görə, Kolumbiya aparteid və etnik təmizləməyə biganə qala bilməz. Sammitə fəxri qonaq qismində keçən həftə ABŞ-ın sərt sanksiyalarına məruz qalan BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanesenin dəvət olunduğu yazılır.
“Bu sammit beynəlxalq birliyin insan haqlarına göstərdiyi diqqətin, verdiyi dəyərin nümayiş etdirilməsi anlamı daşıyır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Əslində bu 20 ölkənin anti-İsrail sammitinə qoşulmasının səbəbi İsrailin Qəzzada həyata keçirdiyi hadisələrdir. İsrail daha çox Qəzzada törətdiyi hadisələrlə, orda baş verən qətliamlarla gündəmə gəlir. Çünki Avropa ölkələrinin paytaxtlarında, ABŞ-da, dünyanın müxtəlif ölkələrində bu cür etiraz aksiyaları çox keçirilir. Hətta son dövrlər Fələstinin tanınması ilə bağlı məsələlər də tez-tez gündəmə gəlir”-deyə bildirdi.
S.Hümbətov qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrdən Fransa və Çinin bu məsələdə artıq ortaya mövqe qoyduğu, hətta İngiltərənin də bunda maraqlı olduğunu söyləmək mümkündür. “Yəni düşünmürəm ki, anti-İsrail sammitində iştirak edənlər sırf İsrailin dövlət olaraq varlığı ilə bağlı məsələyə görə orda olublar. O sammit İsrailin Qəzzada törətdiyi hadisələrlə, qətliamlarla əlaqədar keçirilib. 2023-cü ilin 7 oktyabrında başlayan hadisələrdən bəri orda 50 mindən artıq insan həyatını itirib. Etirazlar da, etiraz aksiyaları da məhz buna görədir. Bu məsələnin arxasında bu amil dayanır. Bu sammit beynəlxalq birliyin insan haqlarına göstərdiyi diqqətin, verdiyi dəyərin nümayiş etdirilməsi anlamı daşıyır”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA