AZ

"Samsung" smartfon satışlarında "Apple"ı geridə qoydu

2025-ci ilin ikinci rübünün nəticələrinə əsasən, "Samsung" yenidən dünya smartfon bazarının lideri olub. 

Valyuta.az xəbər verir ki, bu barədə “GSMArena” nəşri International "Data "Corporation (IDC) analitik şirkətinin son hesabatına istinadən məlumat yayıb.

Cənubi Koreya nəhəngi rüb ərzində 58 milyon cihaz tədarük edərək qlobal bazarın 19,7%-nə sahib olub. Əsas rəqibi olan "Apple" isə 46,4 milyon tədarüklə 15,7%-lik bazar payı ilə ikinci pilləyə geriləyib.

Bildirilir ki, "Apple" inkişaf etməkdə olan bazarlarda ikirəqəmli artım nümayiş etdirsə də, Çində satışlarda 1% azalma ilə üzləşib. Bu geriləmə, yerli “618” adlı böyük endirim kampaniyasındakı liderliyinə baxmayaraq qeydə alınıb.

"Samsung"un satış artımında əsas rol orta seqmentə aid yeni modellər – “Galaxy A36” və “Galaxy A56” olub. Bu cihazlar qlobal miqyasda xüsusilə tələb görüb.

Üçüncü yeri isə "Xiaomi" tutub – 42,5 milyon cihazla 14,4%-lik bazar payına sahib olub. Dördüncü yerdə "Vivo" (27,1 milyon cihaz, 9,2%), beşinci yerdə isə "Infinix", "Tecno" və "İtel" markalarının sahibi olan "Transsion" holdinqi qərarlaşıb (25,1 milyon cihaz, 8,5%).

Ümumilikdə qlobal smartfon bazarı illik müqayisədə cəmi 1% artım göstərib. Artımın zəif olmasına baxmayaraq, IDC analitikləri bunu müsbət siqnal kimi qiymətləndirir və yaxın aylarda bazarın tədricən bərpa oluna biləcəyini düşünürlər.

Makroiqtisadi qeyri-müəyyənlik, tariflərdə dalğalanma, valyuta məzənnələrində qeyri-sabitlik və Çində tələbin zəifləməsi bazara təsir göstərən əsas amillər kimi göstərilir.

Paşa Məmmədli
 

Seçilən
168
50
valyuta.az

10Mənbələr