AZ

Laçında yanğın törədən üç nəfər cinayət məsuliyyətinə cəlb edilibVİDEO

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd edilib ki, Laçın rayonunun Sus kəndinin sakinləri olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev bildirib ki, isti hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilir. Təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yeri, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahə seçilməli, nəzarətsiz qoyulmamalı, tam söndüyünə əmin olmadan ərazi tərk edilməməlidir. Əks təqdirdə, bu həm də cinayət məsuliyyəti yaradır.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
xezerxeber.az

1Mənbələr