AZ

“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub

Mətbuat Şurasının binasında Azərbaycan milli mətbuatının 150 illik (1875-2025) yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.

Operativ Media xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Aprel (2016) və Tovuz (2020) döyüşlərində, eləcə də Vətən müharibəsində (2020) hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında olan, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan, qələmi ilə şəhadətə, şəhidlik zirvəsinə ucalan, baba taleyi yaşayaraq 40-cı qapısı bağlı qalan, hərbi jurnalist Məhərrəm Əli oğlu İbrahimovun həyat hekayəsinə və ömür yoluna həsr olunur.

Kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi 2-ci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.

Kitabda Susuzluq faciəsindən sonra Azərbaycanın rəsmi orqanlarının, dövlət və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfir və səfirliklərin, BMT, UNESCO, “Human Rights Watch”, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycanın jurnalist təşkilatları və digər qurumların ermənilərin mina terrorunu qınayan, narahatlıq bildirən rəsmi bəyanatları, başsağlıq mesajları, yerli və xarici ölkə mətbuatında dərc olunan yazılar, keçirilən tədbirlər, eləcə də Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş  M.İbrahimov haqqında yerli və beynəlxalq mətbuatda dərc olunan məqalələr, onun hərbi jurnalist fəaliyyətinə dair yazılar və fotolar yer alır.

Bu kitab iki əsrdən çoxdur milyonlarla azərbaycanlının qəlbinə sağalmaz yara vuran erməni vandalizminin və mina terrorunun geniş iştimaiyyətə çatdırılıması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması, jurnalistika fənninin tədris edildiyi ali və hərbi məktəblər üçün dərs vəsaiti kimi də nəzərdə tutulur.

Kitaba Milli Məclisin deputatı, diplomat, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev,  yazıçı-jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid,  texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov rəy veriblər.

Kitabın redaktoru  filologiya elmləri üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova, ön söz müəllifləri professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, istefada olan mayor, Əməkdar jurnalist Rəşid Faxralıdır.

“Zərdabi Nəşr” MMC-də çap edilən və texniki redaktoru araşdırmaçı Qoşqar Abduyev olan nəşr 688 səhifədən ibarətdir.

Təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri işrirak ediblər.

Çıxış edənlər kitab haqqında təəssuratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlartını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışmış,  jurnalistika peşəsi yolunda öz vəzifə borcunu ləyaqətlə yerinə yetirərək erməni terrorunun qurbanı olan Məhərrəm İbrahimovun və digər media təmsilçilərimizin fəaliyyətini təqdir ediblər.

Deputat Rizvan Nəbiyev söyləyib ki, kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir: “Azərbaycan ərazisinin  12-13 faizi Ermənistan tərəfindən təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq qəbul  etmişdir. Bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi də qəbul olunması istiqamətində Azərbaycan tərəfi ardıcıl fəaliyyət aparır.Azərbaycan Prezidentinin digər təşəbbüsü əsasında  “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf dövlətlərin 2023-cü ildəki 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilmişdir. Beynəlxalq müstəvidə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsi və təcrübə mübadiləsi dövlətimizin postmüharibə dövrü prioritləri sırasında qalır”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: "Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar".

Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Siracın (Sirac Abışov, Azərbaycan Televiziyasının operatoru - red.) faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirdi: "Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb.

"Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var", - o vurğulayıb.

Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir.

Deputat Pərvin Kərimzadə isə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: "Kitabda sonuncu bir şəkil var: Məhərrəmin iki övladı gözlərini yerə dikərək boynubükük durublar. Bu körpələr indi anlamaya bilərlər, amma bir gün necə qəhrəman insanın övladı olduqlarını başa düşəcəklər".

"Real TV"nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: "Mən çox xahiş edirəm ki, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitab Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara göndərilsin".

"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir.

Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib.

Seçilən
101
7
operativmedia.az

10Mənbələr