Masallı, 17 iyul, İlkin Adıyev, AZƏRTAC
İyulun 24-də Masallı rayonunda II Regional Gənclər Festivalı təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunacaq.
Festival çərçivəsində panel müzakirələr, idman oyunları, intellektual yarışlar, müxtəlif təlim və seminarlar keçiriləcək, eləcə də sənətkarlıq nümunələrinin – xalçaçılıq, dulusçuluq və həsirçiliyin təqdim olunduğu sərgi və master-klaslar təşkil ediləcək.
Tədbirin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların fəallığının dəstəklənməsi və sağlam həyat tərzinin təbliğidir.
Qeyd edək ki, Regional Gənclər Festivalı ilk dəfə 2024-cü il iyulun 5-də Lənkəran şəhərində keçirilib.